"Mediada “qara piar” tendensiyası yaşanmadı" - MŞ

 12:57 08.02.2024     274

7 fevral prezident seçkiləri ilə bağlı mediada “qara piar” tendensiyası və digər bu sayaq xoşagəlməz hallar yaşanmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının 7 fevral prezident seçkiləri ilə bağlı məlumatında qeyd olunub.

Qeyd edilib ki, seçkiqabağı dövrdə Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu ölkənin müntəzəm yayımlanan media vasitələrinin materiallarını nəzərdən keçirib.

Monitorinqin nəticələri onu deməyə əsas verib ki, Azərbaycan jurnalistikası seçki kampaniyası müddətində ədalətli rəqabət mühitinin formalaşmasına həssas yanaşıb, cəmiyyətin obyektiv informasiya almaq hüququnun gerçəkləşməsini təmin etdi. Habelə, mediada “qara piar” tendensiyası və digər bu sayaq xoşagəlməz hallar yaşanmayıb.

Bildirilib ki, seçki günü Mətbuat Şurasında yaradılmış “qaynar xətt” rejimi səsvermə başlayan andan bitənədək jurnalistlərin ixtiyarında olub. Gün ərzində Şuranın bu rejimdə fəaliyyət göstərən şəhər və mobil telefon nömrələrinə cəmi bir müraciət edilib. Həmin müraciət üzrə müəyyənləşdirildi ki, xarici media vasitəsi ölkəmizdə akkreditasiyadan keçmədiyindən, onun seçkini işıqlandırması qeyri-mümkündür. Bununla əlaqədar müraciət müəllifi məlumatlandırıldı, ona qanunvericiliyin tələbləri izah edilib

Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və rəsmi şəkildə müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri, eləcə də ayrı-ayrı təmsilçiləri paytaxtdakı və respublikamızın müxtəlif bölgələrindəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaq üçün yaradılmış şəraitin monitorinqini apardılar, media təmsilçiləri ilə fərdi təmaslar qurublar.

Hər iki istiqamət üzrə görülmüş işlərin təhlili göstərib ki, jurnalistlər seçki günü özlərinin peşə vəzifələrini heç bir maneə olmadan, tam sərbəst şəkildə həyata keçirib. İstər Mərkəzi Seçki Komissiyası, istər Medianın İnkişafı Agentliyi, istərsə də ayrı-ayrı dövlət qurumları media fəaliyyətinin müxtəlif təzahür formalarına səlahiyyətlərindən irəli gələn həssas münasibət göstəriblər. Onların operativ yanaşmaları yanlış ictimai rəyin formalaşmasının qarşısının alınması, cəmiyyətin düzgün yönləndirilməsi baxımından əhəmiyyətli olub.

Mətbuat Şurası yekunda belə nəticəyə gəlir ki, 7 fevral Prezident seçkiləri həm təbliğat-təşviqat kampaniyası dövründə, həm də seçki günü medianın prosesi işıqlandırması, onun qanunauyğun fəaliyyətinin, bütövlükdə media azadlığının, informasiya əldə etmək hüququnun təminatı baxımından bütün beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçirilib.

Ümumən, seçkilərin informasiya təminatı yüksək səviyyədə reallaşıb. Ən əsası, Azərbaycan mediası prosesin müxtəlif aspektlərinin təqdimatında yüksək peşəkarlıq nümayiş etdirib.