Sahibə Qafarova İtaliya və Serbiya parlamentlərinin müşahidə missiyaları ilə görüşdü

 17:28 08.02.2024     138

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan İtaliya parlamentinin və Serbiya Milli Assambleyasının müşahidə missiyalarının üzvləri ilə görüşlər keçirib.

Redaktor.az xəbər verir ki, görüşlərdə Milli Məclisin sədri prezident seçkilərini müşahidə etdikləri üçün qonaqlara minnətdarlığını bildirərək, qeyd edib ki, bu seçkilər ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, ilk dəfə olaraq, seçkilər Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilib. Spiker işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğunu və seçki məntəqələrində bütün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Milli Məclisin sədri qeyd edib ki, ölkəmizdə prezident seçkilərinin ən yüksək səviyyədə keçirilməsi, seçki prosesində tam şəffaflığın təmin edilməsi, seçicilərin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb. Seçkiləri müşahidə edən 90 mindən çox müşahidəçi də bu məqamı təsdiq edib.

Seçkilərin uğurla başa çatması münasibətilə təbriklərini çatdıran İtaliya parlamentinin müşahidə missiyasının sədri Andreo di Cüzeppe səsvermə zamanı 15 seçki məntəqəsində müşahidə apardıqlarını qeyd edərək vurğulayıb ki, prezident seçkiləri beynəlxalq qaydalara uyğun təşkil olunub. O, xüsusilə, gənclərin prosesdə fəal iştirakını vurğulayaraq, bunun demokratiya göstəricisi olduğunu söyləyib. İtaliyalı parlamentari seçkilərin təşkili ilə bağlı  bir sıra yeniliklərin şahidi olduqlarını, bunun da ümumi prosesin daha yaxşı həyata keçirilməsinə müsbət töhfələr verdiyini bildirib.

Serbiya Milli Assambleyasının sədr müavini Sandra Boziç də prezident seçkilərinin demokratik prinsiplər və normalar əsasında həyata keçirildiyini vurğulayaraq, seçici fəallığını yüksək qiymətləndirib. O deyib ki, seçkilərin belə yüksək səviyyədə keçirilməsi yaxşı demokratik nümunədir.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Sandra Boziç deyib ki, bu, ilk serbiyalı nümayəndə heyətidir ki, Qarabağa səfər edib. Şuşa və Xankəndində seçki prosesini müşahidə etdiklərini bildirən Sandra Boziç Azərbaycanın qısa müddətdə bu şəhərlərdə həyata keçirdiyi böyük bərpa və quruculuq işlərinin şahidi olduqlarını söyləyib.

Görüşlərdə həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri, münasibətlərin dərinləşməsində dostluq qruplarının fəaliyyəti, qanunverici orqanlarımızın komitələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə də müzakirələr aparılıb

222