Zahid Orucdan İLGİNC AÇIQLAMA: "NATO-nun gətirilməsi üçün Azərbaycanı təxribata çəkirlər"
"Sentyabrın 20-dən sonra, son 35 il ərzində ilk dəfə idi ki, dörd aydan artıq bir vaxt ərzində itkilər baş vermir, şəhidlər olmur, yaralılar olmurdu. Bəlkə də bu, öz-özlüyündə sülh erasının başlanğıcı üçün də bir mühüm parametr, məqam kimi dəyərləndirilə bilərdi".
Bunu Redaktor.az-a Azərbaycan-Ermənistan şərti sərhədindəki gərginliyin səbəbləri haqqında danışan Milli Məclisin deputatı Zahid Oruc dedi.
Millət vəkili qeyd etdi ki, öz övladını xidmətə yola salan ananın, atanın arzusu oğlunu sağlıqda, təhlükəsizlik və toxunmaz şəraitdə görməkdir:
"Biz 10 illər ərzində Ohanyan xətti və digər təmas nöqtələrində ərazi boyunca atışmaları qeyd edirdik, indi sərhəd xəttinin savaş xəttinə dönməsini əsla arzulamırıq. Tam əksinə, dünən əsgərimizin yaralandığı ərazinin kommunikasiyalar üçün açılması yönündə beynəlxalq, regional, diplomatik, siyasi addımları atmaqdayıq. Belə olan şəraitdə həqiqətən də biz görürük ki, burada Ermənistan tərəfdən, xüsusilə də Paşinyanın "Teleqraf" qəzetinə müsahibəsində aqressiv tonun dəyişməsi ilə paralel, dərhal burada bir atışmanın olması özfəaliyyət kimi sayıla bilməzdi. Elə düşünürəm ki, burada sanki nədənsə bir əvəz çıxmaq, bir qədər əldə etdikləri silahlardan qüvvətləndiklərini göstərmək niyyəti üstünlük qazandı. Amma məsələnin digər mühüm tərəfi isə artıq iki ilə yaxındır ki, Qərb dairələrinin guya sülh prosesində moderatorluq adı altında bölgəyə qayıdışı, 2020-ci il savaşından sonra Türkiyə və Rusiyanın bölgədə möhkəmlənməsinə qarşılıq olaraq özlərinin 200 nəfərlik heyətinin uzunmüddətli bir qaydada müşahidə missiyası adı altında bölgəyə gətirilməsini NATO-nun gələn ayaq səsləri kimi dəyərləndiririk. Bu, regionda beynəlxalq savaşın bir elementidir. Ermənistana hətta çağırış etmişdik, mən prezident seçkiləri dövründə onu tribunadan açıq mətnlə bildirmişdim ki, düşmən olma, qonşu ol. Başqa Avropa dövlətlərini bu məkana gətirəndə burada mütləq çoxtərəfli bir mürəkkəb durum yaranır. Ona görə də "3+3"ü başqa məsələlərdə əməkdaşlığa getmək mümkün deyilsə, heç olmasa, Qafqazda sülh və təhlükəsizlik paktının imzalanması və 7, 8-ci dövlətlərin bu məkana hərbi cəhətdən buraxılmaması üçün bir çağırış etmişdik. İndi artıq gördüyümüz kimi nəinki "binokl diplomatiya"sı mütəmadi olaraq Göyçə dağlarından Zəngəzur mahalına qədər bütün ərazi boyunca, fərdi sayda da olsa, hamısı kəşfiyyat strukturlarına bağlı olan qüvvələr dayanıblar və sanki onlar provokativ rolda çıxış edirlər".
Zahid Orucun sözlərinə görə, görünən mənzərə bundan ibarətdir ki, onlar NATO-nun gətirilməsi üçün Azərbaycanı mütləq təxribata çəkmək, qarşılıqlı zərbələr vurulduğu halda, atəş açıldığı halda onu fiksasiya edib, beynəlxalq sənədlərə daşıyırlar.
"Beləliklə də bizə qarşı sanksiyaların tətbiqindən sonra bölgədə təhlükələr var, ora NATO qrupları gətirilsin və onun da ardınca Qarabağa qayıtmaq istəyən ermənilərin məhz NATO süngüsü, NATO zirehi altında həyata keçirilməsi kimi bir strategiya cızılıbdır. Biz isə buna qarşı olduğumuzu iki gün öncə, atəşkəs pozulmamışdan əvvəl bildirmişdik. Ona görə də cavab zərbəsi də adekvat olubdur. Gördüyünüz kimi, bunun bölgədə əks-sədası çox olacaqdır. Azərbaycanı həm daxili seçkilər məsələsində, həm də digər mövzularda hədəfə çevirmək istəyən qüvvələr bu amildən faydalanmağa çalışacaqlar. İddia etmirəm ki, sülh müqaviləsi bütün silahları dərhal durduracaq, amma bir mühit yaradacaq. Sülhün möhkəmlənməsi, ən azı nifrətin azaldılması, birgəyaşayış yollarının tapılması üçün addımlar atıla bilərdi. Ona görə də bu atəşkəs həm də sülhün olmadığını, daimi sülh müqaviləsinin imzalanmadığının bir ifadəsidir. Biz onu elə saymalıyıq. Qətiyyən, buna görə "qisas əməliyyatı"nda xüsusi, əlahiddə bir sevinc və bayram etmirik. Arzulayırıq ki, əmin-amanlıq olsun. Ona görə də son insidentə bax məhz bu kontekstdə dəyərləndirilir ki, Ermənistan hökuməti başa düşməlidir ki, ən qısa vaxtda sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılmasına gedilməlidir",- deyə deputat söylədi.
Humay İSGƏNDƏRLİ