"Onlar üçün bunu törətmək su içmək qədər asandır" - AÇIQLAMA

 16:41 14.02.2024     763

"Bir psixoloq olaraq illərdir bu haqda danışıram. Müsahibələrimdə də, yazılarımda da, televiziyada da, pasiyentlərimə də, hər kəsə deyirəm. Əgər sizin müəyyən şübhələriniz varsa, yaxınlarınızla bağlı şübhə doğuran davranışlar varsa, mütləq şəkildə psixoloqa yönləndirməlisiniz".

Redaktor.az xəbər verir ki, bu sözləri ötən gün 5 ailə üzvünü qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji vəziyyəti haqqında danışan psixoloq Vəfa Rəşidova deyib.

Onun sözlərinə görə, bu cür problemlər çox hallarda şizofreniyadan əziyyət çəkən insanlarda baş verir:

"Nə qədər məsuliyyətsiz yanaşacağıq bu problemlərə, psixoloqa? Psixoloq kimdir? Bizə nə edə bilər, getsin, özünə əncam çəksin. Bəli, dırnaqarası psixoloqlar var. Amma bu o demək deyil ki, siz sağlamlığınızı bada verəsiniz və yaxud da ki, sağlamlığınızı ciddiyə almıyasınız və onu sadələşdirib bu həddə qədər gətirəsiniz. Bu hadisəni törədən, şizofreniyadan əziyyət çəkən insanlar,  psixopatiyadan əziyyət çəkən insanlar soyuqqanlı insanlar olurlar. Onlar üçün bunu törətmək su içmək qədər asandır. Ətrafımızda o qədər bunun kimi insanlar var, bunun kimi bu problemdən əziyyət çəkən insanlar o qədərdir ki, müalicəsini almırlar və problemə sadə baxırlar. "O uşaqlıqdan belə idi", "evlənsin, düzələcək", "ərə getsin, düzələcək" fikirləri var. Amma demirlər ki, bu insanlar hər gün təhlükə daşıyır, hər an bomba partlaya bilər. Psixologiya elminə, psixoloqa bu qədər bəsit baxılmamalıdır. O, bir müayinədən keçsəydi, zamanla öz terapiyasını alsaydı, bir güvəndiyi psixiatrın müalicəsini alsaydı, inanın bu hadisə baş verməyəcəkdi. Bizim cəmiyyətdə belə bir düşüncə var: gərək kimsə ölsün, gərək bir nəfər gəlsin, 10 nəfəri qırsın, ondan sonra desinlər ki, bizə psixoloq lazım imiş".

Vəfa Rəşidova vurğuladı ki, Azərbaycanda indi peşəkar psixoloqlar, psixiatrlar var.

"Niyə siz onları aşağılaya-aşağılaya cəmiyyətə bu problemi yaşadırsız? Yəni nəyə görə bu problem yaşanmalıdır? Nə qədər ki, öz sağlamlığınızı, yaxınlarınızın sağlamlığını ciddiyə almayacaqsınız, bu kimi hadisələr törədiləcək. Qətli törədən insanın psixoloji və psixiatrik problemləri 99 faiz var imiş. Amma bunun qarşısını almaq da var idi. İllərdir bu pasiyentlərlə işləyirəm, onlar terapiyasını alırlar və bu kimi hallar yaşamırlar. Çünki terapiya alan, bu problemdən əziyyət çəkən birini elə "dəlidir" deyib yola vermək olmaz. Bu cəmiyyət bunlara dəli deyir. Niyə siz belə ifadələr istifadə edirsiz? Niyə bu halda siz özünüz üçün bir pay götürmürsüz? Bəlkə bunun doğrudan da ciddi psixoloji və psixiatrik problemləri olub? Yəni dəli deməklə mövzunu niyə qapatmaq istəyirsiz, üstünü niyə malalamaq istəyirsiniz? İllərlə mənim belə bir pasiyentlərim var, hansı ki, mən onlarla çalışmışam, çalışıram, amma onlar terapiyalarını, dərmanlarla vaxtı-vaxtında müalicələrini aldıqlarına görə və seanslara qatıldıqlarına görə bu problemlər yaşanmır. İllərdir normal, stabil vəziyyətdə həyatlarını sürürlər".

Qeyd edək ki, ötən gün Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib.

Humay İSGƏNDƏRLİ