Dövlətçiliyimizin keşiyində keçən ömür!

 11:10 15.02.2024     819

Bu gün xalqımızın görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin istedadlı və sədaqətli yetirməsi, respublikamızın dövlət təhlükəsizliyi  sistemininin sabiq rəhbərlərindən biri, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyanın keçmiş rəisi, general-leytenant Ziya Yusifzadənin 95 yaşı tamam olur. 

Onun ömrünün böyük hissəsi xalqımıza xidmətdə, məsul dövlət idarəçiliyi işində, yüksək peşəkar fəaliyyətdə keçmişdir. Z.Yusifzadənin Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında keçdiyi yarım əsrlik şərəfli xidmət  yolu isə bu sahədə çalışan indiki nəsil üçün örnək və canlı məktəbdir. Həyatın ciddi sınaqlarından iti və dərin zəkası ilə çıxan, Vətən və xalq sevgisindən güc alan, ardıcıl və yorulmaz fəaliyyəti  ilə zirvəyə doğru irəliləyən Ziya Yusifzadə zəngin və məzmunlu bir ömür yaşayıb. 

Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəki səhərində ziyalı ailəsində anadan olub.  Orta təhsili  1946-cı ildə Zaqatala şəhərində  qızıl medalla başa vurub. 1947-1952-ci illərdə ali təhsil aldığı I Moskva Dövlət Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə fərqləmə diplomu ilə bitirib.

1952-1956-cı illərdə respublika Maarif Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə çalışıb.

1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul olunub. 14 il müddətində pillə-pillə irəliləyərək əməliyyat müvəkkilindən bölmə və şöbə rəisliyinə qalxmışdır. 1970-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi,  1973-cü ildə komitə sədrinin müavini,  1976-cı ildə isə sədrin I müavini vəzifələrinə irəli çəkilmişdir. 1980-1988-ci illərdə respublika DTK-nın sədri olub.

1977-ci ildə general-mayor, 1984-cü ildə isə  general-leytenant hərbi rütbəsi alıb.

1988-1992-ci illərdə respublika Nazirlər Soveti və Nazirlər Kabinetində millətlərarası münasibətlər şöbəsinə rəhbərlik etmişdir.

1998-2015-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi olub.

Keçmiş SSRİ-nin və xarici dövlətlərin 40-dan artıq orden-medalına, müstəqil dövlətimizin  “Azərbaycan bayrağı” və “Şöhrət” ordenlərinə layiq görülüb. 

O, 29 sentyabr 2015-ci ildə Bakı şəhərində vəfat edib. Mərhum II Fəxri xiyabanda dəfn olunub.

Seymur ŞEYDAYEV