Deputatdan Həcc ziyarəti qiymətinə ETİRAZ: "Bu qiymətlə yalnız imkanlı insanlar ziyarətə gedə bilər"
Son günlər ölkədə geniş müzakirə olunan məsələlərdən biri də zəvvarlar üçün Həcc ziyarəti qiymətinin yüksək olmasıdır. Ziyarətin bahalığı artıq sadə vətəndaşların Həcc ziyarətini qeyri-mümkün edib. Çünki Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 1 nəfər üçün ziyarətin qiyməti 10 min manat müəyyənləşib. Vətəndaşlar da haqlı olaraq etiraz səslərini qaldırılar. Hamı deyir ki, "Həcc yolu" getdikcə yalnız "varlıların yoluna" çevrilməkdədir.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov dedi ki, qiymət artımının iki səbəbi ola bilər:
"Bir səbəb odur ki, Qafqaz Müsəlmanları İdarəsi özü yüksək qiymət müəyyənləşdirib. İkinci səbəb isə qarşı tərəfdən, yəni Səudiyyə Ərəbistanından xərclərin artırılması məsələsi var. Çünki ola bilər ki, bunun səbəbi sırf Qafqaz Müsəlmanları İdarəsindən qaynaqlanmır. Ümumilikdə isə əlbəttə ki, bu qiymətlər hazırda bizim insanlarımızın imkanları ilə uyğun gəlmir, kifayət qədər yüksək qiymətlərdir. Bu məsələyə yenidən baxılmalıdır ki, bizim imkansız vətəndaşlarımız da bundan bəhrələnə bilsin. Qiymətlər çox geniş müzakirə olunur və insanlarda ciddi narazılıq yaradıb. Ola bilər ki, bu qiymət yüksək şəraitli otellər üçün nəzərdə tutulub, mümkünsə, imkansız insanlar üçün daha ucuz formada ziyarətin təşkili məsələsinə baxılsın. Əvvəlki dövrlərdə var idi, otellərin ulduz sayından asılı olaraq, otaqlarda adamın qalma sayından asılı olaraq qiymət dəyişirdi. İndi də elə edə bilərik. Yəni kimin imkanı var, o yüksək qiymətdə gedə bilər, tək qala bilər, kimin o qədər imkanı yoxdursa, nisbətən ucuz otellərdə qala bilər. Yəni hazırkı qiymətlər yalnız imkanlı insanların ziyarətə gedə biləcəyi qiymətlərdir".
Deputat qeyd etdi ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məsələyə heç bir reaksiya yoxdur:
"Səbəbini bilmədiyimizə görə də dəqiq mühakimə yürüdə bilmirik. Ona görə mən düşünürəm ki, yəni bu məsələyə bir aydınlıq gətirilməlidir. Bəlkə həqiqətən də Səudiyyə Ərəbistanı bu qədər qiymətləri qaldırıb. Amma başqa ölkələrin qiymətlərinə baxanda Azərbaycandakı kimi təəssürat yaratmır".
Humay İSGƏNDƏRLİ