DYP-dən elektron arayışla bağlı AÇIQLAMA

 15:23 15.02.2024     235

Baş Dövlət Yol Polisi İdarəsi yol nəqliyyat hadisəsi barədə elektron arayışın (Forma 4) siğorta şirkətinə təqdim edilmə müddəti barədə açıqlama verib.

Redaktor.az-ın məlumatına görə, açıqlamada deyilir:

"Yol nəqliyyat hadisəsi baş verdiyi təqdirdə ilk olaraq sürücü hadisə barədə DYP-yə məlumat verməlidir. Əgər hadisə baş veribsə və sürücü yalnız sığortaya məlumat veribsə, sığorta şirkəti öz növbəsində DYP-yə məlumat ötürməlidir. 

Bundan sonra DYP orqanlarında müvafiq araşdırma aparılaraq siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış (Forma 4) 10 gün ərzində sığorta şirkətinə təqdim edilir.

İcbari sığortalar haqqında" Qanunun 58-ci maddəsinə əsasən aşağıdakı hallar mövcud olduğu təqdirdə arayış (Forma 4) tələb olunmur.
 
1. Hadisə 2-dən artıq olmayan nəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;

2. Hadisənin baş verməsində təqsirli olan sürücünün müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;

3. Hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə; (yəni yalnız maddi ziyan var);

4. Dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.(burada söhbət sığorta təminatı verilən zərərdən gedir, təqsirkara dəyən zərər bura daxil deyil)

Ancaq istənilən yol nəqliyyat hadisəsi barədə DYP-yə mütləq məlumat verilməlidir və DYP orqanı da qanuna uyğun olaraq təqsirli sürücü barəsində inzibati tənbeh tətbiq edərək qərar çıxarmalıdır".