"Goranboydakı evi dövlətimizə təhvil verib, gedib dədə-baba yurdumda yaşayacam" - Deputat

 17:48 15.02.2024     640

Xəbər verdiyimiz kimi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə köç olacaq. Xocalıya və Xankəndiyə ümumilikdə 100 ailə köçürülməsi planlaşdırılır.

Xocalıya baş tutacaq köçlə bağlı bu rayonun Milli Məclisdə təmsil edən deputat Elman Məmmədov Redaktor.az-a danışdı.

Onun sözlərinə görə, dövlt başçısı da bildirib ki, Xocalıya, Xankəndiyə və digər yerlərə 2024-cü ilin birinci rübündən başlayaraq köç prosesi baş tutacaq:

"Çox güman ki, mart ayında ilk köçlər olacaq. Xocalıda həm yeni evlər tikilir, həm də dağıdılmamış evlər bərpa olunur. Hər iki istiqamətdə iş gedir. Xocalıda yaşayış üçün hazır olan evlər bu gün çoxdur. Yəni ermənilər Xocalıda soyqırım törətdikdən qısa müddət sonra müxtəlif yerlərdən olan xeyli sayda erməni ailəsini Xocalıda yerləşdirmişdilər, məskunlaşdırmışdılar. Ümid edirdilər ki, orada əbədi, daimi yaşayacaqlar və özləri də ev tikmişdi. Xüsusilə 44 günlük müharibədən sonra evlər tikilib. Rusiya sülhməramlıları Xocalı aeroportu ərazisində öz qərargahlarını yerləşdirdilər və ermənilərə də ümid verdilər ki, biz burdayıq, sizi qoruyacağıq, müdafiə edəcəyik. Ondan sonra ermənilər xeyli miqdarda da təzə evlər tikiblər. Bundan başqa, biz 19-20 sentyabr tarixindəki antiterror əməliyyatından sonra cənab Prezidentimizin tapşırığı ilə Xocalıda bərpa, tikinti-quruculuq işlərinə başlanıb. Yaşayış üçün hazır olan və sonradan tikilmiş evlər var. Eyni zamanda soyqırım dövründə dağıdılmış evlər var və o evlər yenidən tikilir. Həmin evlərdən biri, mənim ata-baba yurdum, mənim yaşadığım evdir. Xocalı faciəsinin baş verdiyi gecə ermənilər ağır mərmilərlə evi vurub dağıtmışdılar. Həmin evlər bünövrədən, təzədən tikilir".

Elman Məmmədov söylədi ki, evini tikən işçilərlə gündəlik əlaqə saxlayır, görüntülü danışır:

"Mənim evimin bövrəsi tökülüb və divar qoymağa başlayıblar. Belə evlər də çoxdur. İlk növbədə, kimlərin ki, evləri hazır olacaq, artıq müəyyən siyahılar da var, bu ailələr ilk növbədə köçürüləcək.  İlk köç Xocalının özünə olacaq, yəni rayon mərkəzinə. Mən də Goranboyda müvəqqəti olaraq məskunlaşmışdım. Dövlət tərəfindən mənə verilmiş evi məmnuniyyətlə dövlətimizə təhvil verəcəyəm və doğma dədə-baba yurduma gedib yaşayacam",- deyə deputat əlavə etdi.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"” mövzusunda dərc olunub.

2