Bakı və Sumqayıtda çirkab sularını təmizləyib yenidən istifadə edə bilsək... - Ekspertdən vacib TƏKLİF

 18:30 16.02.2024     426

Xəbər verdiyimiz kimi, bu gün parlamentdə "Su təchizatı və tullantı suları haqqında" qanun müzakirə olunub.

Bəzi millət vəkilləri ölkədəki su problemindən söz açıb. Müzakirə zamanı deputat Hikmət Məmmədov bildirib ki, tullantı sularının bərpası və texniki sulara ehtiyac var.

Millət vəkilinin bu çıxışı ilə bağlı Redaktor.az-a danışan Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov dedi ki, tullantı sularının yenidən istifadəsi su ehtiyatlarının inteqrasiyalı istifadəsinə və təbii su mənbələrindən götürülən suyun azaldılmasına kömək edə bilər:

"Hazırda Bakı şəhərində təxminən çirkab suların 50 faizi birbaşa Xəzər dənizinə axıdılır, yerdə qalan 50 faiz isə təmizlənərək axıdılır. Əgər bu suların hamısı təmizlənərək yenidən istifadə olunarsa, bu zaman imkan yaranar ki, biz Bakı şəhərində istifadə olunan suvarma suyunu minimuma endirək və parkların, bağların, yaşıllıqların suvarılması zamanı istifadə olunan çox qiymətli içməli sudan imtina edib, onun əvəzinə təmizlənmiş çirkab sularından, yəni texniki sulardan istifadə edək. Dövlətin əlində belə planlar mövcuddur. Məsələn, Hövsanda təmizlənərək dənizə axıdılan suyun həcmi təxminən saniyədə dörd kubmetr təşkil edir ki, bu da çox böyük bir rəqəmdir. Bu suların gələcəkdə həmin istiqamətdə yaşıllıqların və zeytun bağlarının suvarılmasında istifadəsi nəzərdə tutulur. Eynilə, əgər biz bütün Bakı və Sumqayıt şəhərlərində çirkab sularını təmizləyib yenidən istifadə edə bilsək, təxminən saniyədə 15 kub metrə qədər su əldə edərik və bu su Bakı şəhərində yaşıllıq ərazilərin suvarılması üçün tamamilə kifayət edərdi. Bir şeyi də vurğulayım ki, inkişaf etmiş ölkələrdə, məsələn, Yaponiyada, Almaniyada, ABŞ-nin bir çox ştatlarında, hətta çirkab suların təmizlənərək yenidən içməli su kimi istifadə həyata keçirilir. Bu məqsədlə bəzən elə ərazilər var ki, çirkab suları istifadə olunduqdan sonra bir neçə dəfə təmizlənir və həm içməli su kimi, həm də təsərrüfat suyu kimi istifadə olunur. Əlbəttə ki, bu sxemin Azərbaycanda da həyata keçirilməsinə böyük ehtiyac var. Biz bilirik ki, su ehtiyatlarımızın miqdarı getdikcə azalır. Həm iqlim dəyişmələrinin təsiri, həm suya olan tələbatın artması fonunda Azərbaycan çaylarında su getdikcə azalmaqdadır və bizim əlimizdə olan əsas həllərdən biri də istifadə olunmuş sulardan təkrar istifadədir".

Humay İSGƏNDƏRLİ