"Azərbaycan anası əlində telefon tutduğu qədər övladının əlindən tutmur" - Biabırçı videoya REAKSİYA

 13:35 20.02.2024     1762

Xəbər verdiyimiz kimiBakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləri olub.

Eyni zamanda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi başlanıb.

Hazırda bu hadisə cəmiyyətdə çox geniş şəkildə müzakirə olunur. Bəziləri biabırçı hərəkət edən qızlara görə məktəbi, bəziləri valideyni, bəziləri də telefonu günahkar sayırlar. 

Bəs, bu hadisədə əsas günah kimdədir? Belə halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov dedi ki, kimin günahkar olmağından asılı olmayaraq, bu proses nəticədir:

"Biz bunun səbəblərinə baxmalıyıq. Birinci səbəb odur ki, bizim uşaqlarımızın əlində kompüter, planşet, telefon var və biz onlara nəzarət edə bilmirik. Uşaqlar məktəbə gəldilər və məktəb 5-6 saat onlara tərbiyə verir. Hər birimiz məktəbli olmuşuq, müəllim gündəlik gəlib dərs prosesini keçir və gedir. Öhdəliyi budur. Amma uşaq bütün günü evdə olur. Evdə gördüyü nədir? Bu gün Azərbaycan valideyni sosial şəbəkələrdə vaxt keçirdiyi qədər, övladı ilə vaxt keçirmir. Bu gün Azərbaycan valideyni, anası əlində telefon tutduğu qədər övladının əlindən tutmur. Bu gün Azərbaycan valideyni sosial şəbəkələrdə ondan-bundan danışdığı qədər, ona-buna şərh yazdığı qədər övladı ilə danışmır. Övlad valideynə oxşayır, necə deyərlər "ot kökü üstündə bitər". Birmənalı belədir. Bütün günü seriallarla böyüyən uşaqlar, "TikTok"la böyüyən uşaqlar bunu etməli idilər. Bu gün Azərbaycan məktəblisi hər hansısa bir əsəri oxumur, əvəzində oğru aləminin qaydaları ilə yaşayır, özünü o cəmiyyətdə görür, o sferada görür. Bunlar əlbəttə ki, dözülməzdir".

Ekspertin sözlərinə görə, məktəbin öhdəliyi ondan ibarətdir ki, məktəb birmənalı şəkildə şagirdlərin psixoloji testlərini aparmalıdır:

"Hansı şagirdin davranış pozuntusunun olduğu məlum olmalıdır. Birinin digərinə qarşı, ünsiyyətdə problem varsa, o uşaqlar müəyyənləşdirilməlidir və onların valideynləri ilə söhbət aparılmalıdır. Valideynləri tərbiyə prosesinə cəlb etməliyik, müəyyən tapşırıqlar verməliyik. Çox təəssüflər olsun ki, bu gün valideyn-məktəb-şagird üçbucağında əlaqə pozulubdur. Bu gün aparılan tədqiqatlar göstərir ki, qız şagirdləri arasında 11 faiz, oğlan şagirdlər arasında 21 faiz bullinq halları var. Hətta, Almaniya, Fransa məktəblərində bu 50 faizdir. Amma burada bir məsələ var. Uşaq başına gələn hadisələri valideynə deyə bilir, amma Azərbaycan şagirdi valideyni ilə kommunikasiya qura bilmir. Yəni burda günahkar deyəndə, valideynləri ona görə günahkar hesab edir ki, övladları ilə vaxt keçirmirlər, nəzarət etmirlər. Onları dinləmirlər və yekun nəticələr olaraq bunlar baş verir".

Humay İSGƏNDƏRLİ