"Ermənilər işin məcrasını dəyişdilər"

 11:30 21.02.2024     385

Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb. Onun sözlərinə görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

Redaktor.az xəbər verir ki, onun dostu Kamil Musavi Kamil Zeynallı barəsində paylaşım edib.

"Vətən müharibəsi vaxtı cəbhədə Azərbaycan ordusuna tab getirə bilməyən erməni ordusu mövqelərini qoyub qaçmağa başlayanda, dünyanın hər yerində Azərbaycan xalqı sevinməyə və bu sevinci qeyd etməyə başladı. Cəbhədəki məğlubiyyəti qəbul edə bilməyən erməni vətəndaşları güvəndikləri bir çox ölkələrdə bizim vətəndaşlara qarşı təxribata əl atdılar. Yəni Azərbaycanın uğuruna sevinən, o qələbəni qeyd edən bir neçə vətəndaşlarımıza hücum edib döydülər və onu sosial şəbəkələrdə paylaşdılar. Həqiqətən həssas dönəm olduğu üçün, hamı kimi bizə də pis təsir etdi. Erməniləri belə alçaq davranışlardan əl çəkməyə çağırdıq. Bu video müraciəti görən Azərbaycanın qeyrətli oğulları ermənilərin belə hərəkətlərinə qarşılıq verməyə başladı. Həmişə olduğu kimi, yenə özlərinin başladığı iyrənc mübarizəni sona kimi davam etdirə bilməyib, işin məcrasını dəyişdilər. Amma olsun. Ümid edirəm nə Kamil, nə mən Vətən üçün etdiyimiz heç bir xidmətdən peşman deyilik. İnanıram ki, Azərbaycan dövləti bütün arenalarda öz gücünü göstərdiyi kimi, bu sahədə də gücünü göstərəcəkdir. Biz dövlətimizə güvənir və Kamil sevənlərə tezliklə xoş xəbər eşitdirəcəklərinə inanırıq",- deyə Kamil Musavi bildirib.

Qeyd edək ki, 2020-ci ildə ermənilər Kamil Zeynallı və Kamil Musəvi barəsində Rusiya Daxili İşlər Nazirliyinə müraciət ediblər. Onalr həmvətənlərimizi iğtişaşa çağırış etməkdə ittiham ediblər. Həmçinin hər iki vətəndaşımızın həbs olunmadıqları təqdirdə, ümumiyyətlə, Rusiyaya buraxılmamasını tələb ediblər.

Humay İSGƏNDƏRLİ