Ekspertdən deputatın təklifinə reaksiya: "Yaxşı nəticə verməyə bilər"

 12:53 22.02.2024     508

Milli Məclisin ötən iclasında deputat Siyavuş Novruzov Bakıda avtobus zolağından minik maşınlarının da istifadəsi barədə təklif irəli sürüb.

"Avtobus yolu avtobus olmasa belə boş olur, tıxac yaradır. Olmaz ki, avtobuslar olmayanda avtomobillər o yola girəndə cərimə yazılmasın?" - deyə millət vəkili bildirib.

Maraqlıdır, avtobus zolağından digər avtomobillərin də istifadəsi mümkündürmü? Bu zaman yenə tıxac yaranmayacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı dedi ki, Siyavuş Novruzovun bu fikrində müəyyən həqiqətlər var.

"Çünki günün bəzi saatlarında avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkəti mümkündür. Xüsusən də gecə saat 12-dən sonra. Avtobusların işi dayanırsa, zolağın nə əhəmiyyəti qalır? Ona görə bunu nəzərə almaq lazımdır.  Amma onsuz da günün bəzi saatlarıda yol polisi hərəkəti tənzimləyərkən, avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkətinə şərait yaradır. Amma ümumən ictimai nəqliyyatın inkişafından danışırıqsa, avtobusların intensiv şəkildə hərəkət edə bilməsinə şərait yaradılmasından danışırıqsa, bu, bir az düzgün çıxmaz. Bu gün əsas hədəf avtobusların normal, geniş və rahat şəkildə hərəkət etmə imkanlarından söhbət gedirsə, məsələyə bu formada yanaşmaq, hesab edirəm ki, yaxşı nəticə verməyə bilər. Çünki sürücülər kütləvi şəkildə zolağa daxil olsa, o zaman avtobusların hərəkətində çətinlik yaranır. Hələ ki, əsas hədəf ictimai nəqliyyata dəstək üçün zolağın daha da inkişaf etdirilməsinə yönəlibdir və bu da ictimai nəqliyyatı inkişaf etdirmək üçün qarşıya qoyulan hədəfdir. Mən düşünürəm ki, digər nəqliyyat vasitələrinin hərəkətini hələ biz çox sonralar düşünə bilərik. İndi tezdir, hələ ki, hədəf bu deyil", - deyə ekspert yekunlaşdırıb.

Humay İSGƏNDƏRLİ