"Uşaqların qeyri-etik hərəkətlərində televiziyaların rolu az deyil" - Ələsgər Məmmədli

 14:10 22.02.2024     477

Bildiyimiz kimi, bir neçə gün əvvəl məktəbli qızın həmyaşıdına qarşı etdiyi biabırçı hərəkətlər cəmiyyətdə geniş müzakirə olunur. Hər kəsin bu məsələdə günahakar gördüyü kimsə var. Bəziləri valideynləri, bəziləri isə məktəbi, bəziləri də televizyalarda yayımlanan verilişləri qınayır. Vətəndaşlar iddia edir ki, yeniyetmələrin bu addımında Xoşqədəm Hidayətqızının, Zaur Baxşəliyevin və digər aparıcıların verlişlərinin payı çox böyükdür. 

Maraqlıdır, yeniyetmələrin hərəkətini verilişlərlə əlaqələndirmək nə qədər doğrudur? Doğurdanmı uşaqların qeyri-etik davranışlarında verilişlərin rolu var?

Mövzu ilə bağlı Redaktor.az-a danışan media üzrə ekspert Ələsgər Məmmədli söylədi ki, cəmiyyətdə insanların, xüsusən də azyaşlıların tərbiyəsi həm ictimai mühitlə, həm ailə ilə, həm də məktəblə bir arada formalaşır:

"İctimai mühitə həm də televiziyalar, radiolar, internet, o cümlədən hər hansı bir dildə informasiya məkanı daxildir. Əbəttə, burada televiziyaların rolu az deyil. Nə mənada? Çünki televiziya heç bir formada əlavə resurs tələb etmədən sadəcə bir düyməni basaraq evdə qəbul edəcəyimiz informasiyadır. İnternet üçün kompüter lazımdır, mobil telefon lazımdır. Amma hər kəsin evində bir televiziya var və istənilən halda onu hər kəs heç bir əlavə maneə və ya cəhd olmadan izləyə bilir. Yəni televiziyalar birmənalı olaraq evlərə birbaşa girir, amma internet üçün siz əlavə ayda 30 manat pul ödəməlisiniz. Demək istədiyim budur ki, uşağın real qəbul edəcəyi informasiya ilk növbədə televiziyadır. Sözsüz ki, günümüzün şərtlərində hər bir ailə övladlarına telefon alır. Orada müxtəlif məzmunları görürlər. Bu məzmunlar bəzən çox bəyənmə qazanmaq üçün, izləyici qazanmaq üçün olan və etik olmayan, eyni zamanda milli mənəvi dəyərlər baxımından aşındıran şeylər də olur. Təəssüf ki, bütün gənclərin, o cümlədən azyaşlıların bunlara çıxışı sərbəstdir. Bu baxımdan mən deməzdim ki, televiziyanın rolu yoxdur. Tam tərsi, hər birinin qatqısı var. Ailənin özünün insanlara yanaşmasında, cəmiyyətə yanaşmasında, ailə fərdlərinin bir-birinə yanaşmasında, uşağın tərbiyəsində rolu var. Ən nəhayət, məktəbdə müəllimin uşağa, direktorun müəllimə, eyni zamanda uşaqların bir-birinə yanaşmasında, tərbiyənin formalaşmasında rolu var. Yəni bu bir bütündür və bunun hansısa komponentini ayırıb, sadəcə "budur günahkar", "bunun heç biri günahkar deyil" demək olmaz. Nəticə etibarilə biz hamımız bu məsələdə məsuliyyət daşıyırıq".

Humay İSGƏNDƏRLİ