"Bizi qarşıda qrip pandemiyası gözləyir" - Professordan XƏBƏRDARLIQ

 17:23 22.02.2024     372

"Əslində ilin bu fəsillərində hələ pandemiya xaric həmişə müxtəlif respirator infeksiyaların fəallaşması baş verirdi: qrip, adenaviruslar, rinoviruslardır və sair. Hazırda mövcud olan infeksiya birmənalı identifikasiya olunub, yəni məlumat verilməyib. Amma bir şey məlumdur ki, dünyanın hər yerində hazırda COVİD-19 çox geniş yayılıb. Yəni "omikron" ştamının mutasiya variantları çox geniş yayılıb. Xəstəlik həddən artıq yoluxucudur, lakin onun öldürücülük xüsusiyyəti xeyli aşağı düşüb. Bu da onu göstərir ki, yəni proses sona doğru gedir".

Bu sözləri Redaktor.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla son aylar yayılan qrip infeksiyası haqqında danışarkən deyib.

Onun sözlərinə görə, pandemiya bitib, amma yenidən bu virusun pandemiya yaratmaq təhlükəsi də yoxdur:

"Sadəcə xırda epidemik ocaqlar qalır. Situasiyanı dramatikləşdirən əsas budur. Bununla yanaşı, bilirik ki, qrip də hər il olur. Yəni koronavirusdan xaric. Bir də ki, qızılcanın özü də geniş yayılıb. Hazırda sarılıq da var. Dünyanın hər yerində, xüsusilə də qonşu ölkələrdə Rusiyada, Ermənistanda, Gürcüstanda var. Bu infeksiyalar Azərbaycana da gəlib çıxır. Çünki Azərbaycan da qloballaşan dünyanın tərkib hissəsidir. Avropanın özündə infeksiyalar xeyli yayılıb. Ona görə də biz karantin qaydalarını unutmuşuq. Heç kim maska taxmır, heç taxanlar da düzgün taxmır. Heç kim gigiyenik tədbirlərə riayət eləmir. Ona görə də yoluxa-yoluxa da gedirik. Yəni söhbət ondan gedir. Hesab edirəm ki, bu COVİD pandemiyasına biz dəstək götürməli idik. Təəssüflər olsun ki, sanki bu, unuduldu getdi. Amma mən belə görürəm ki, ayrı-ayrı ölkələrdə buna riayət edirlər və yayılma statistikasında fərqliliyi daha çox karantin qaydalarına əməl edilməsinə bağlıdır. Sadəcə olaraq, biz gələcəkdə də, hətta gələn illərdə də bu cür situasiyalara hazır olmalıyıq. Çünki istənilən vaxt istənilən infeksiya baş qaldıra bilər. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, bu, təkcə Dünya Səhiyyə Təşkilatının elə-belə verdiyi məlumat deyil, kifayət qədər etibarlı və mötəbər mənbələrin, klinikaların gəldiyi elmi nəticədir ki, bizi qarşıda qrip pandemiyası gözləyir. O, 1 il sonra olacaq, ya 10 il sonra deyə bilmirik, amma mütləq olacaq. Çünki qrip virusu da mutasiyaya uğrayan virusdur və onun nə vaxtsa belə bir forması gözləniləndir. Ona görə də hesab edirəm ki, diqqətli olmaq məsləhətdir".

Həmidə İBRAHİMLİ