Türkiyə-Azərbaycan qardaşlığının möhkəm əsasları var

 18:53 22.02.2024     311

Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Sevidirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. İki dövlət arasında mövcud olan bu mehribançılıq və qarşılıqlı anlaşma təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamika yaradacaqdır.

Fevralın 19-da İlham Əliyevin növbədənkənar prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini Ankaraya etməsi əlaqələrin səviyyəsinin göstəricisidir.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan lideri İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin yeni istiqamətlərini də açıqlayıblar.

Türkiyə lideri bölgədə davamlı sülhün qalması üçün tarixi imkan yarandığını, Azərbaycanla çiyin-çiyinə, birlikdə fəaliyyət göstərdiklərini bildirib.

O, fevralın 7-də keçirilən prezident seçkilərinin əhəmiyyətindən danışaraq deyib: “Prezident seçkiləri Azərbaycanın bütün suveren ərazisində ilk dəfə keçirildiyi üçün tarixi əhəmiyyət kəsb edir”.

Türkiyə lideri Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq etdiyi məhdudiyyətə qəti şəkildə etiraz etdiklərini vurğulayıb. O, gələcəkdə də bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini söyləyib. R.T.Ərdoğan ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcminin ilk dəfə 7,5 milyard dollar səviyyəsinə yüksəldiyinin vurğulayaraq, gələcəkdə bu rəqəmi 15 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib.

Prezident İlham Əliyev bəyanatı zamanı qeyd edib ki, Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır.

“Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik”.

Azərbaycan Prezidenti vurğulayıb ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün keçiriləcəyini bildirən dövlətimizin başçısı deyib: “Eyni zamanda, bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.

Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daim möhkəmlənir, əlaqələri dayanmadan inkişaf edir və hər iki ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Dövlətlərimiz arasında münasibətlərin xarakteri və yüksək səviyyəsi Azərbaycan – Türkiyə əlaqələrinin sarsılmazlığından və dərin tarixi köklərə söykənməsindən xəbər verir. Həmin qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsi üçün tərəflərin güclü iradəsi və istəyi var. Qarşılıqlı səfərlər və həyata keçirilən tədbirlər də məhz belə deməyə əsas verir. 

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri