Hakim vəzifəsinə namizədlər üçün bu tələb ləğv edilir

 13:12 23.02.2024     459

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Humay İSGƏNDƏRLİ