"Onları diri-diri basdırıblar" - Xocalının deputatı

 12:45 26.02.2024     320

Xəbər verdiyimiz kimi, Xocalıda növbəti kütləvi məzarlıq aşkarlanıb. Belə ki, məzarlıq Xocalıda su-kanalizasiya sisteminin tikintisi zamanı aşkarlanıb. Aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən olunub.

Aşkarlanan məzarlıq haqqında Redaktor.az-a danışan Xocalı rayonunu Milli Məclisdə təmsil edən deputat Elman Məmmədov söylədi ki, kütləvi məzarlıqlar hələ çox yerdə aşkar olunacaq:

"Xocalı şəhəri ərazisində də, eyni zamanda, Xocalıdan Ağdama gələn meşə yolu ərazilərində də, başqa ərazilərdə də belə kütləvi məzarlıqlar olacaqdır. Çünki biz şəhid olan insanlarımızın müəyyən bir hissəsinin cəsədlərini gətirib dəfn edə bildik. Çox sayda şəhidlərimizin cəsədləri Xocalıda qaldı, gəldiyimiz yollarda kütləvi qırğınlar törədilən yerlərdə qaldı. Tək xocalıların yox, Birinci Qarabağ müharibəsi dövründə əsir və girov düşən 4000 nəfərə qədər Azərbaycan vətəndaşının taleyi haqqında məlumat yoxdur. Yəni ermənilər heç bir məlumat vermirlər. Müəyyən yerlərdə işgəncə veriblər, diri-diri basdırıblar. Türk düşməni, qaniçən Zori Balayan və digər erməni yazarlar var, onlar xatirə kitablarında yazırlar ki, əsirləri, girovları necə öldürüblər və onları sağ halda necə kütləvi şəkildə xəndəklər qazıb torpaqlayıb, basdırıblar, yandırıblar. Sonuncu aşkar olunan həmin kütləvi məzarlıqlar o şəxslərə məxsusdur. Tək Xocalıda yox, bu, Şuşa, Ağdam, Kəlbəcər, Laçın ərazisində və başqa rayonların ərazisində də olacaq. Bütün bunlar hamısı erməni vəhşiliyinin, erməni qəddarlığının, tarixi erməni düşmənçiliyinin, erməninin türk qanına susamasının şahidləridir. Qoy erməniləri müdafiə edən bu insan haqlarından, hüquqlarından danışan beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər və nəticə çıxartsınlar. Utansınlar, utansınlar ki, kimi müdafiə edirlər. Hərbi caniləri, cəlladları, dinc insanlara qarşı soyqırım törədənləri müdafiə edirlər. Əgər onları müdafiə edirlərsə, elə onlar da heç ermənilərdən az cinayət daşımırlar, az cinayətkar deyillər".

Humay İSGƏNDƏRLİ