Yaş həddini aşanlar niyə vəzifədə saxlanılır? - "Tanışıdır, xətrinə dəymək istəmir..."

 15:31 26.02.2024     475

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev dövlət orqanlarında çalışanların yaş məsələsinə toxunub.

Millət vəkili qeyd edib ki, dövlət orqanlarında da qanunla müəyyən olunmuş yaş həddini aşan insanların vəzifədə qalmasını görürük:

"Hesab edirəm ki, Azərbaycanda kifayət qədər hazırlıqlı, karyera yüksəlişi gözləyən hüquqşünaslar var. Onlar vəzifələrə təyin oluna bilər. Əgər reallıqda bunu etmək mümkün deyilsə, onda qanunları dəyişmək lazımdır”.

Bəs, dövlət qurumlarında çalışan şəxslər 65 yaşdan sonra hansı əsasla işləyə bilər? Bu əsaslardan sui-istifadə edənlər varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hüquqşünas Əsabəli Mustafayev dedi ki, hər bir şəxsin əmək fəaliyyətinin davamlılığı ilk növbədə, onun sağlamlığından və sonra da təcrübəsindən asılıdır:

"65 yaş təqaüd yaşıdır. Yəni kişilər 65 yaşında təqaüdə çıxa bilərlər. Ancaq qanun imkan verir ki, onun iş yerində təqaüdə çıxmaq yaşını beş il artırsınlar. Bu müəllimlərdə də var, digər iş yerlərində var. Qanun nə üçün belə yanaşır? Çünki qanunverici fikirləşir ki, 65 yaşında olan adam sağlam ola bilər, təcrübəli ola bilər, xəstə ola bilər, bu fəaliyyət qabiliyyətini, əmək qabiliyyətini artıq itirməyə yaxın ola bilər. Ona görə insan özü seçməlidir ki, 65 yaşında ya təqaüdə çıxsın, ya da əmək fəaliyyətini davam etdirsin. Elə insanlar var ki, yaşı 65 yaşından yuxarıdır. Ancaq çox ciddi təcrübəsi var, o təcrübəni gənc nəsilə ötürmək imkanı var. Əlbəttə, bu insanlara şərait yaratmaq lazımdır. Dünyadakı alimlərin də, bizim də alimlərimizin çoxu 65 yaşdan yuxarı şəxslərdir. Hamısının da nailiyyətləri daha çox 55-60 yaşdan sonrakı yaş dövründə olub. İndi təsəvvür edin, bunların hamısını işdən çıxarsaydılar, bəlkə də dünya bu qədər inkişaf etməzdi. Ona görə də mən hesab edirəm ki, qanun düzgün olaraq belə differensial yanaşır. Yəni seçim hüququ verir, həm insanın özünə, həm də ki, işəgötürənə. Çünki bizdə dəyişiklikləri sevən, gənclik düşüncəsi ilə təcrübə vəhdəti lazımdır ki, dünya, elm, iqtisadiyyat inkişaf etsin. Yoxsa bu nəsillər arasında olan əlaqələr qırılsa, inkişafa böyük zərər verə bilər. Bu qanunun norması çox yaxşı normadır. Sadəcə, bundan sui-istifadə etmək lazım deyil. Bəzən görürsən ki, tanışıdır, xətrinə dəymək istəmir, saxlayırlar işdə. Ancaq ondan olan nəticə çox zəifdir, onun "əlinin altında" olan, nələrsə öyrənmək istəyən insanlara əziyyət verirlər. Artıq əmək, bilik və düşüncə qabiliyyətini itirmiş insanlar dərs deyirlər, ya rəhbərlik edirlər. Bu nəzərə alınmalıdır, sui-istifadə hallarını aradan qaldırmaq lazımdır".

Humay İSGƏNDƏRLİ