Bakı sakini 25 min manatını geri ala bilmir: "İcraçılarla əlbirdir"
Redaksiyamıza Bakı şəhər sakini Nəzakət Əhmədova tərəfindən şikayət daxil olub.
Redaktor.az xəbər verir ki, şikayətçi bildirir:
"2014-cü ilin yanvar 14-ü tarixindən 13 saylı notariat xidməti vasitəsilə Salahova Vəfa Hüseyn qızına 25000 manat məbləğində borc pul vermişdim. Bu müqavilə ilə pul səkkiz ay müddətinə qaytarılmalıydı. Onun yoldaşına lazım idi. Onların xaricdən gələn malları gömrükdə qalmışdı. Orada qaldıqda hər gününə pul yazılırdı və necə deyərlər, məndən bu borcu aldı ki, həmin malı oradan çıxarsın və sonrada ona qədər də malı təhvil verdikdə mənim pulumu qaytaracaqdı. Artıq üzərindən nə qədər keçib. Mən Vəfa Salahovanı məhkəməyə verdim və məhkəmə müraciətimi nəzərə aldı. Qərar qəbul elədi. Bu qərar çıxdıqdan bəri Xətai rayon İcra Şöbəsi bu işə əməl etmir. Çox xahiş edirəm, bu haqqda mənə köməklik edəsiniz. Neçə icraçı dəyişdirilib. Mən belə başa düşürəm ki, Salahova Vəfa Hüseyn qızı bu icraçılarla əlbirdir. İndiyənə qədər bu puldan mənə bir qəpik də olsun pul qaytara bilməyiblər. Amma belə olması qeyri-mümkündür. Bu haqda mənə yardımçı olmağınızı çox xahiş edərəm".
Məsələ ilə bağlı Xətai rayon İcra Şöbəsindən Elşən Bəşirli ilə əlaqə saxladıq.
O, bildirdi ki, qərarla Salahova Vəfa Hüseyn qızının ölkədən çıxışına qadağa qoyulub:
"İcra şöbəsi tərəfindən hər bir tədbir görülüb. Nəzakət xanımın işi tədbirsiz qalmayıb. Sadəcə həmin şəxsin ödəniş qabiliyyəti olmadığı üçün bu vaxta qədər ödəniş edə bilməyib. Lakin bizim tərəfimizdən tədbirlər görülüb. Ölkədən çıxışına qadağa qoyulması, gəlmədiyi təqdirdə axtarışa verilməsi. Yəni olmadığı surətdə insanın xirtdəyinə yapışıb pulu almaq alınmır. Pulun qaytarılmasını icra məmuru öz cibindən etmir. İcra məmuru borcun ödənilməsinə nəzarət edir, ödətdirən şəxsdir, təmin edən şəxs deyil".
Həmidə İBRAHİMLİ