Azərbaycanda əxlaq polisi yaradıla bilərmi? - Fazil Mustafadan AÇIQLAMA

 15:02 27.02.2024     390

Sosial şəbəkələrdə valideynlərin azyaşlı uşaqları ilə bir yerdə qeyri-etik davranışlarını əks etdirən videogörüntülər son dövrlər çox geniş yayılıb. Dəfələrlə hüquq-mühafizə oraqanları həmin valideynlərə xəbərdarlıq etsə də, lakin bunun qarşısı alınmır. 

Maraqlıdır, digər ölkələrdə olduğu kimi Azərbaycanda da əxlaq polisi yaradıla bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bu kimi məsələlərdə əslində inzibati məsuliyyət pozuntusu var.

Onun sözlərinə görə, azyaşlı uşaqların hansısa bir qeyri-etik prosesə cəlb olunması və burada həm də məcburi şəkildə bunun edilməsi anlayışı ortaya çıxır.

"Ona görə də hüququn bu məsələyə müdaxilə etmək imkanları var. Əlbəttə, məsələyə ciddi şəkildə müdaxilə olunmalıdır və hər hansı bu cür təzahürlərin qarşısı vaxtında alınmalıdır. İndi valideyn bir az özü anormallıq eləyirsə, bu uşağı da bu prosesə cəlb edirsə, buna müəyyən dərəcədə dövlət istənilən vaxt müdaxilə edə bilər. Ona görə də bu adamların məsuliyyət məsələsi, inzibati məsuliyyət məsələsi qoyula bilər və buna da müvafiq orqanlar mütləq reaksiya verməlidir. Amma əxlaq polisinin yaranması məsələsi bir az mübahisəli məsələdir. Çünki bu, yeni bir strukturdur və onsuz da Daxili İşlər Nazirliyi bu işin öhdəsindən lazımi səviyyədə gəlir. Kifayət qədər ciddi həssaslıq göstərirlər. Əgər belə zərurət olsa, müzakirə olunub baxıla bilər. Amma inanmıram ki, indiki şərtdə müəyyən qurumların yenidən sayının artırılması baş versin. Müvafiq hüquq-mühafizə orqanları bunun özü öhdəsindən gələ bilər", - deyə Fazil Mustafa bildirdi.

Həmidə İBRAHİMLİ