"Məktəbin və ya universitetin işi yalnız diplom vermək deyil" - Deputat
"Mən düşünürəm ki, bu məsələ tez-tez müzakirə olunur. Əlbəttə, müəyyən addımlar, müəyyən tədbirlər görülə bilər. Mən o fikirlə razı deyiləm ki, Azərbaycanda bu işlə məşğul olacaq ayrıca bir polis strukturunun, yəni əxlaq polisinin yaradılmasına ehtiyac var. Əslində, bu gün bizim ölkəmizdə hüquq-mühafizə orqanları çox operativ və bu proseslərin hamısını nəzarətdə saxlaya biləcək bir formada qurublar. Xüsusilə də Daxili İşlər Nazirliyi demək olar ki, həm sosial şəbəkələrə nəzarət, həm bu proseslərin diqqətdə saxlanılması baxımından öz işini peşəkar səviyyədə qurub. Çünki mən prosesdən məlumatlıyam".
Bu sözləri Redaktor.az-a açıqlmasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanda əxlaq polisinin yaradılmasına ehtiyac olub-olmamasını şərh edərkən deyib.
Deputatın sözlərinə görə, burada məsələnin kökü bizim tərbiyə işinə önəm verməyimizdədir:
"Cənab prezident parlamentdə çıxışında bu məsələyə toxundu. Yəni həm ailələrimiz, həm məktəbimiz bu istiqamətdə bir iş aparmalıdırlar. Biz tərbiyə sistemini, tərbiyə işini gücləndirməliyik. Tutaq ki, əxlaq polisi yaratdıq, polis də hamını həbs elədi, yığdı içəri. Bu, məsələdən çıxış yolu deyil. Biz hər şeydən öncə, ailələrdə və məktəblərdə tərbiyə işini gücləndirməliyik. Eyni zamanda da bizim televiziyalarımızda, mediamızda, radiomuzda, əxlaq verilişlərinə, tərbiyə verilişlərinə geniş yer verilməlidir. Ölkədə davamlı olaraq geniş maarifləndirmə işləri, təbliğat işləri aparılmalıdır. Bu, həm universitetlərdə, həm məktəblərdə keçirilməlidir ki, biz bu problemi bu formada həll edə bilək.
Amma inzibatçılıq tam yetərlidirmi, problemi kökündən həll edəcəkmi? Mən düşünmürəm. Ona görə də düşünürəm ki, burada həm ailələrimizin və xüsusilə də təhsilimizin üzərinə böyük bir vəzifə düşür, məktəblərimiz bu istiqamətdə çox iş aparmalıdır. Yəni məktəbin işi və ya universitetin işi yalnız diplom vermək deyil. Onların işi də kamil şəxsiyyətin, mənəvi baxımdan zəngin insanın və şəxsiyyətin yetişdirilməsidir. Yəni biz bu məsələyə də xüsusi diqqət yetirməliyik, çox xüsusi önəm verməliyik ki, bax, bu, planlaşdırdığımız məqsədlərə və hədəflərə çata bilək".
Həmidə İBRAHİMLİ