"Üzərinə düşən vəzifəni yerinə yetirə bilmirsə, ona niyə başqa səlahiyyətlər verilməlidir?" - Komitə sədri

 14:35 28.02.2024     2006

"1999-cu il dekabrın 12-də ilk bələdiyyə seçkilərindən sonra “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanunu artıq fəaliyyətdədir. Bu qanun əsasında da iki dəfə bələdiyyə institutunda islahatlar gedib".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi.

Deputat qeyd etdi ki, islahatlar nəticəsində o dövrdə ölkədə 2757 bələdiyyə fəaliyyət göstərirdi:

"Sonradan bunların sayı azaldıldı, indi 1606 bələdiyyə qalıb. 1151 bələdiyyə ya ləğv olundu, ya da birləşdirildi. Bu da qanunvericiliyin tələblərinə uyğun və həm də əhalinin özünün təklifləri, müraciətləri əsasında olub. Çünki bələdiyyələri əhali seçir, əhali formalaşdırır və bələdiyyələrin ayrılması da, birləşməsi də, ləğv olunması da insanlardan asılıdır. Amma bütün bu proses, o qanunun tələblərinə uyğun aparılmalıdır. Bizdə iki elə islahat gedib və iki islahat əsasında müəyyən effektlik oldu. Nəyə görə effekt verdi? Çünki bizim qəbul olunmuş konstitusiyada təsbit olundu ki, Azərbaycan demokratik, sivil dövlətdir və hər bir yaşayış məntəqəsində əhalinin müraciətləri əsasında bələdiyyələr yaradıla bilər. Belə də formalaşdı. Ancaq sonradan nəticələr göstərdi ki, xırda bələdiyyələr özünü doğrulda bilmir. Elə kənd var idi ki, orada 200 adam yaşayırdı, bələdiyyə yaranmışdı. Torpağı yox idi, əmlakı yox idi, vergi yığa bilmirdi. Sonradan görüldü ki, doğrudan da bu bələdiyyə özünü doğrulda bilmirsə, bu ya ləğv olunmalı idi, ya da qonşu bələdiyyəyə birləşdirilməliydi. İndi də eyni şey üçün həm əhali tərəfindən bu təkliflər var, həm də biz deputatlar da dəfələrlə bunu qaldırmışıq ki, bizim ölkədə bələdiyyələrin sayı çoxdur. Bizlə əhali sayı eyni olan ölkələrdə 250-300 bələdiyyə var. Bunlar iri bələdiyyələrdir və təbii ki, xarici ölkələrin təcrübəsi ilə biz müəyyən qaydada tanışıq".

Tahir Rzayevin sözlərinə görə, xaricdə də ilk seçkilərdə əvvəllər xırda bələdiyyələr olub:

"Ancaq sonradan görürlər ki, bu bələdiyyələr özlərini doğrultmadı, əhaliyə heç nə verə bilmədi, buna görə də onlar birləşdirildi. İri bələdiyyə formasında, bələdiyyə assosiasiyaları, bələdiyyə ittifaqları formasında birləşiblər, iri bələdiyyə yaradıblar və bizdə də o proses getməlidir. Ona görə son vaxtlar deyirlər ki, Böyük Şəhər Bələdiyyəsi yaradılsın. Ancaq bu, müəyyən imkanlardan asılıdır. Bu iri bələdiyyələr yaradılırsa, özlərinin böyük səlahiyyətləri olmalıdır. Bu səlahiyyətlərdən əlavə vəzifələri yerinə yetirmək üçün imkanları olmalıdır. Birinci vəsaiti olmalıdır, texniki vasitələri olmalıdır, kadr potensialı olmalıdır, təşkilatçılıq səviyyəsi yüksək olan kadrlar olmalıdır. Ancaq bu gün o bizdə olmadığına görə, iri bələdiyyələri yaratmaq mümkün deyil. Çünki bələdiyyələrin bu gün səlahiyyətləri var, ancaq görürük ki, az sayda səlahiyyətləri bələdiyyələr dolğun yerinə yetirə bilmirlər. Əgər biz onlara şəhərin idarə olunmasını, elektrik, su, qaz və digər təchizatları versək, bələdiyyə bunun öhdəsindən gələ bilər? Mümkün deyil. Çünki texniki vasitələr yoxdur, kadr yoxdur, pulu yoxdur. Bu sahədə tədricən işlər görülməlidir. Bəziləri deyir ki, niyə əlavə səlahiyyət verilmir. Yaxşı, bu gün əgər bələdiyyə onun üzərinə düşən vəzifəni yerinə yetirə bilmirsə, ona niyə başqa səlahiyyətlər verilməlidir? Məsələ bundadır və bu barədə düşünmək lazımdır. İstəyirəm ki, bələdiyyə təşəbbüskar olsun, özü verilən səlahiyyətləri yerinə yetirsin. Ondan sonra ona əlavə vəzifələr tapşırılsın. Vəzifələri yerinə yetirərsə, sözsüz, digər bələdiyyələr də baxıb görəcək ki, bu yaxşıdır, buna birləşə bilər, həmrəy ola bilər. Ona görə də bu proses düşünülmüş qaydada getməlidir. Əvvəl bələdiyyələr birləşdirilməlidir, ərazisi dəqiq müəyyən olunmalıdır, əmlakı dəqiqləşdirilməlidir". 

Komitə sədri əlavə etdi ki, icra orqanları, bələdiyyələr və qurumlar bəzi paralellik göstərirlər.

"Ancaq bu paralelik o demək deyil ki, kiminsə səlahiyyətini alıblar. Tutaq ki, mədəni tədbiri Mədəniyyət Nazirliyi də, icra orqanı da həyata keçirə bilər. Bunu bələdiyyələr də həyata keçirə bilərlər, məktəblər də keçirir, Təhsil Nazirliyi də həyata keçirir.  Bu o deməkdir ki, bu səlahiyyətləri kimsə əlindən alıb? Yox. Bu baxımdan da, əgər bələdiyyə hardasa bir yaşıllıq salırsa və insanlara xeyir verirsə, bu görülməlidir. Qoy Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu iş aparsın, icra orqanları da aparsın. Burada nə qəbahət bir şey var? Bəzən bu məsələləri qarışdırırlar ki, yox, elə bələdiyyənin səlahiyyətinə bu məsələ aiddir, bunu başqası görə bilməz. Niyə görə bilmir ki, niyə də görməsin? Səlahiyyət odur ki, sənə verilmiş hüquqlar var, hüquq çərçivəsində hərəkət edə biləsən. İndi deyirlər ki, bələdiyyələrə müstəsna səlahiyyətlər verilməlidir. Axı heç bir dövlətdə, heç bir orqana müstəsna səlahiyyət verilə bilməz. Qanunvericiliyin tələbləri gözlənilməlidir, dövlətin mənafeyi gözlənilməlidir. Yoxsa mən sənə deyim, get bildiyini et, bu mümkün deyil. Mən keçən komitənin iclasında da bir məsələni xatırlatdım. Bələdiyyələrdə son illər vergilərin yığılmasında təşəbbüs, artım var. Yay aylarında kənd məhsullarına tələbat artır və Bakıda qiymət bahadır. Amma Qubada tutaq ki, almanın qiyməti Bakıdakından beş dəfə aşağıdır. Olmazmı ki, burada bələdiyyə özü üçün öz ərazisində müəyyən köşklər qoysun və həmin rayonun hansısa bir kənd bələdiyyəsi ilə müqavilə bağlasın, desin ki, mənim əhalimin bu məhsullara ehtiyacı var, məhsulu təşkil et, bu gəlsin burada mən bunu satdırım? Həm bələdiyyənin büdcəsinə bir pul getsin, həm də ki, orada yaxşı keyfiyyətli bir kəd təsərrüfatı məhsulu əldə edilsin. İndi görüm bunu edən var? Burada çətin nə şey var ki? Bu səlahiyyəti bələdiyyədən kim alıb ki? Bu qanunda var ki, bələdiyyə özünün xidmət sahəsi yarada bilər, amma etmir. Bələdiyyə uşaq bağçası aça bilər. Şəhərdə uşaq bağçasına böyük ehtiyac var və burada bizim bələdiyyələrin eləsi var ki, hesabında milyonlarla pul var, amma bu işi görmür. Xırdalan bələdiyyəsinin hesabında artıq neçə milyonlarla pul var, bir dənə uşaq bağçası aça bilər. Həm burada əhali rahat olsun, həm də bələdiyyə oradan müəyyən qaydada pul götürsün. Amma təşəbbüs yoxdur, edə bilmir və biz də sonra deyirik ki, niyə bələdiyyə orqanlardan asılıdır. Hansı icra başçısı, ya hansı şəhərdə olan adam istəməz ki, bunun evinin yanında bir ərzaq köşkü olsun, həm yaxşı keyfiyyətli məhsul alsın, həm vaxtına qənaət etsin. Bunu hər bir kişi də istəyər, qadın da istəyər. Sonra biz deyirik ki, bələdiyyələrə səlahiyyət verilməlidir. İşlər görmək lazımdır ki, bələdiyyənin hesabında müəyyən qədər pul olsun, sonra desin ki, bu səlahiyyəti mənə ver də. Yoxsa indi müəyyən səlahiyyəti verdin və insanlar narazı qalacaq. Deyəcəklər ki, bu adi bir işi görə bilmirdi, bu qazlaşmanı verdilər bələdiyyəyə, vəziyyətim daha da çətindir. Ona görə də bu, düşünülmüş qaydada, müəyyən qanunvericilik çərçivəsində həyata keçirilməlidir", - deyə Tahir Rzayev bildirdi.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc olunub.

2