"Mənə pul təklif edib çağırılar ki, malların yararlılıq müddətini uzadaq" - Eyyub Hüseynov

 15:45 28.02.2024     821

Ötən gün Milli Məclisdə qidalarla bağlı bəzi məsələlər müzakirə olunub.

Onlardan biri də şokoladlarla bağlıdır. Deputat Kamilə Əliyeva bildirib ki, mağazalarda şokoladların istifadə tarixi düzgün yazılmır. O, rəflərə yığılan şokoladların istehsal və istifadə müddətinin yazılmamasından narahatlığını ifadə edib.

Bu istiqamətdə hansı addımlar atılmalıdır? Nə üçün qeyd olunan tarixlər yazılmır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov dedi ki, istehsalçılar mallarını ölməz etmək istəyirlər:

"Azad İstehlakçılar İctimai Birliyi illərdir bu məsələ ilə vuruşur. Məsələn araqların 90 faizinin istehsal tarixi yoxdur. Hətta tütün və tütün məmulatlarının saxlanma müddəti 1 ildən artıq deyil, amma biz yalnız buaxılma tarixinin yazılmasına nail olmuşuq. Bir çox məhsulların satışında bu hal var. Qeyd edim ki, Amerikada məhsulun yalnız bir tarixi yazılır, mən həmişə onları tənqid edirəm. Amerikada yalnız son istifadə tarixi yazılır, oranın vətəndaşları təzə mal almaq imkanından məhrumdurlar. Azərbaycanda çalışırlar ki, hər iki tarixi yazsınlar. Amma mümkün qədər tarix yazmamağa çalışanlar da var. Dəfələrlə istehsal müəssisələri alimləri yığırlar bir yerə, mənə də pul təklif edib çağırılar ki, malların yararlılıq müddətini uzadaq. Mən bir dəfə belə o məsələlərlə bağlı yığınacaqlarda iştirak etməmişəm. Həmişə demişəm ki, malların buraxılma tarixi və yararlıq müddəti arasındakı tarix çox kiçik olmalıdır. Belə malları almaqdan insanlar tam imtina etməlidir. Bir məsələni də vurğulayım ki, məhsulun tarixini mağaza yox, istehsalçı yazır. Çox təəssüf ki, AQTA bu məsələlərə ciddi nəzarət edə bilmir".

Humay İSGƏNDƏRLİ