ADU Konfutsi İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

 14:59 29.02.2024     232

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Redaktor.az xəbər verir ki, sazişi Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov və Konfutsi İnstitutunun direktorları Li Jihua və Rafiq Abbasov imzalayıb.

Sazişin əsas məqsədi Azərbaycan və Çin arasında təhsil və elm sahəsində əməkdaşlığın genişləndirilməsi, humanitar elmlər sahəsində mütəxəssislərin hazırlanması, Çin dili və mədəniyyətinin tədrisi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə, tədris və elmi kadrlar mübadiləsi, birgə elmi konfrans və seminarların təşkili, elmi-metodiki ədəbiyyatın nəşr edilməsidir.

İmzalanma mərasimində çıxış edən Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinin öyrənilməsinə marağının artdığını, Çin və Azərbaycan universitetləri arasında tələbə mübadiləsinin və əməkdaşlığın genişləndiyini qeyd edib.

O, Qərbi Kaspi Universitetində yaradılan Konfutsi İnstitutu sinfinin Çin dilinin tədrisi üçün mühüm platformaya çevriləcəyinə və ənənəvi Çin-Azərbaycan dostluğunun möhkəmlənməsinə, iki ölkə arasında təhsil və humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə və Azərbaycanda peşəkar çinşünaslıq təhsilinin inkişafına töhfə verəcəyinə əmin olduğunu ifadə edib.

Professor, həmçinin, Qərbi Kaspi Universitetinin Çin dilinin tədrisinə, müasir Çinin öyrənilməsinin aktual istiqamətləri üzrə tələbə elmi-tədqiqat işlərinin təşkilinə və ölkələrimiz arasında mədəniyyətlərarası dialoqun təşviqinə böyük önəm verdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfirliyinin müşavir-elçisi Din Tao deyib: “İki dövlət başçılarının strateji rəhbərliyi altında Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 31il boyunca Çin-Azərbaycan münasibətləri hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq davamlı şəkildə inkişaf edib, dərinləşib və möhkəmlənib.

Çinin Sədri Si Cinpin dünya sivilizasiyalarının müxtəlifliyinə hörmətlə yanaşmağı tövsiyə edərək, sivilizasiyalar arasında bərabərlik, qarşılıqlı öyrənmə, dialoq və tolerantlıq prinsiplərinə sadiqliyin vacibliyini vurğulayaraq Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürüb. Bu kontekstdə Çin-Azərbaycan münasibətləri arasında humanitar əməkdaşlıq yüksək perspektivlər göstərərək, Çin dilini öyrənən və Çin mədəniyyətindən ilham alan azərbaycanlı gənclərə daha əlverişli imkanlar yaradıb. Gələcəkdə daha çox azərbaycanlı tələbələr Çin mədəniyyətinin dərinliyini yaxından öyrənəcək, Çin xalqının mehribanlığını və səmimiliyini duyacaq, Çin modernləşmə üslubu dövrünün nəbzini hiss edərək, Çinə səfər edəcək və orada oxuyub işləyəcəklər. Onlar iki ölkə arasında dostluq səfiri və əməkdaşlıq “körpüsü”nə çevriləcəklər, eləcə də, Çin-Azərbaycan ortaq gələcəyi olan icmanın qurulmasına öz müsbət töhfələrini verəcəklər.”

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafından, Azərbaycan və Çin dillərinin, mədəni irsinin öyrənilməsi və təbliği ilə bağlı Konfutsi İnstitutunun proqramlarının həyata keçirilməsindən danışıb.

R. Abbasov xüsusilə, qeyd edib ki, Avrasiya nəqliyyat-iqtisadi dəhlizlərinin yaradılması, eləcə də, İpək Yolu ölkələri arasında humanitar mübadilə və mədəniyyətlərarası dialoqun təmin edilməsi üzrə Çinin “Kəmər və yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın fəal iştirakı təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafına yeni təkan verib.

R. Abbasov Qərbi Kaspi Universitetinin kitabxanasına ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunub, Çin dilində nəşr edilmiş “Heydər Əliyev və Çin”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası: diplomatik əlaqələrin qurulmasından keçən 30 il. Prezident salnaməsi”, “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” və “Heydər Əliyev-100. Tarixi səfərin xronikası” adlı kitablarını hədiyyə edib.

Tədbirin sonunda ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələri rəngarəng konsert proqramı ilə çıxış edib, proqramda ənənəvi Çin musiqi alətlərində milli Çin mahnı və melodiyaları səsləndiriblər. Həmçinin, xəttatlıq və kağız sənəti üzrə ustad dərsləri təşkil olunmuş, ənənəvi çay mərasimi keçirilib.

2222