Rusiyada Dünya Gənclər Festivalı keçiriləcək

 15:34 29.02.2024     922

2024-cü il martın 1-dən 7-dək Rusiyada Sirius federal ərazisində (Soçi yaxınlığında) Dünya Gənclər Festivalı keçiriləcək.

Bu barədə Redaktor.az-a Rusiyada fəaliyyət göstərən Primorsk diyarı Azərbaycan Diasporu “Dostluq” İctimai Təşkilatının sədri Ramiz Zeynalov məlumat verib.

Onun sözlərinə görə, tədbirin məqsədi gənclərin beynəlxalq əməkdaşlığını inkişaf etdirməkdir:

"Festivalda biznes, media, beynəlxalq əməkdaşlıq, mədəniyyət, elm, təhsil, könüllülük və xeyriyyəçilik, idman, ictimai həyatın müxtəlif sahələrində 20 000 rus və xarici gənc lider iştirak edəcək. İştirakçıların coğrafiyasına 180-dən çox ölkə daxildir: Asiya və Afrikadan Qərbi Avropa və Şimali Amerikaya qədər".

R.Zeynalov bildirdi ki, Ümumdünya Gənclər Festivalı tədbirləri həmrəylik, bərabərlik, ədalət, qarşılıqlı yardım, komanda işi və xeyirxahlıq kimi ümumi dəyərlər üzərində qurulacaq.

"Hər bir iştirakçının öz fikrini bildirmək və digər ölkə və regionlardakı gənclərin mövqelərini anlamaq imkanı olub. Festival ən yüksək səviyyədə təşkil olunub, şəhərin küçələrində genişmiqyaslı abadlıq işləri aparılıb, şəhər mühitinin obyektləri, o cümlədən ən böyük nəqliyyat infrastrukturu obyektləri - hava limanı və dəmir yolu vağzalları tematik dizayn üzrə bəzədilib. Festivalın təşkilatçılarını və iştirakçılarını şəhər və rayondan olan könüllülər və yaradıcı qruplar qarşılayacaq. Festival qonaqlarının təhlükəsizliyi hüquq-mühafizə orqanları tərəfindən təmin ediləcək.

Belə genişmiqyaslı beynəlxalq tədbirin keçirilməsi onu göstərir ki, Rusiyaya qarşı təcrid siyasətinə baxmayaraq, o, açıq qalır, bərabər və ədalətli əsasda beynəlxalq dialoqun tərəfdarıdır, əsl demokratik və ənənəvi dəyərləri təbliğ edir", - deyə təşkilat rəhbəri vurğuladı.

T.İSMAYIL