Tanınmış həkim doğum evlərini ittiham etdi: "Valideynlərə deyirlər ki, filan süni qidanı verin"

 17:28 29.02.2024     1387

Son dövürlər yeni doğulan körpələrin qidalanmasında ana südünə yox, süni qidalara üz tuturlar. Bəzi analar məcburiyyətdən süni qidalara üz tutsalar da, bəziləri isə rahatlığına görə bu qidalara üz tutur. Bu isə məlum olduğu kimi, bir sıra xəstəliklərə gətirib çıxara bilir.

Maraqlıdır, bu qidaları valideynlərə tövsiyə edənlər kimlərdir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan həkim-pediatr Aytən İsmayılzadə bildirdi ki, anaların süni qidaya müraciəti çox azdır.

Onun sözlərinə görə, anaların müraciəti az faiz təşkil edir:

"Əlbəttə ki, biz maarifləndirsək, problem yaranmaz. Əsas problem doğum evlərindədir, hansı ki, uşaqlara birinci süni qida verilir və valideynlərə deyir ki, filan qidanı verin. O da artıq reklamdır. Ana da körpəyə həm bu süni qidanı verir, həm də ana südünü verir. Amma ana südü get-gedə azalır, çünki uşaq süni qidanın dadına görə anasından imtina edir. Əlbəttə ki, bu problemin bir çox fəsadları var. Fəsad budur ki, süni qida birinci növbədə inək südü zülalı əsasındadır. O, bağırsaq sistemini qıcıqlandırır və iltihab yaradır. Alergik fonu gücləndirir, immuniteti zəiflədir və ona görə də biz bu gün uşaqların bu qədər çox xəstələnməsi ilə bunun fəsadlarını görürük. Hələ daha nə fəsadları olacaq, onu gələcək göstərəcək. Uşağın ilk olaraq mədə-bağırsağına düşən süd ana südü olmalıdır ki, bu onun xəstəlik barəsində bütün problemlərdən profilaktikası deməkdir.

Amma süni qida yeyən uşaqlar nəinki uşaqlıq dövründə, böyüyəndə belə problemlərlə rastlaşacaqlar. Onlar ürək qan-damar sistemi xəstəliklərinin erkənləşməsi, şəkərli diabetin, piylənmənin erkən olması, harmonal pozğunluqların daha erkənə çəkilməsi ilə nəticələnəcək. Süni qida ilə bəslənən uşaqlarda piylənmə də aşırı olur və artıq çəkiyə görə olar hipodinamik olurlar. Hipodinamik olanda əzələ bağ sistemi kifayət qədər güclənmir və uşaqlarda böyüdükcə skalioz, kifoz və sair bu kimi problemlərə gətirir. Yəni bunlar hamısı bir-birinə əlaqəlidir. Deməyim odur ki, bir uşağın sağlam bünövrəsi süni qidayla qoyula bilməz. Amma günümüzün problemi doğum evlərində süni qidanın reklamıdır. Onlar da əsasən süni qida şirkətləri ilə əməkdaşlıq etdiyinə görə buna əl atırlar. Ona görə də bu şey kökündən həll olunmalıdır. Doğum evlərində süni qidaların yox, ana süd banklarının yaradılması ilə donor süd bankları olmalıdır. Yəni uşağa orada doğulanda ana südü yoxdursa, o biri ananın südü verilə bilər. Bunda heç bir əks göstəriş yoxdur. Sonrakı dövrdə isə ananın maarifləndirilməsi və sahə pediatrları tərəfindən ana südü ilə bəsləməyə təşviq edilməlidir".

Həmidə İBRAHİMLİ