"İtlərin qulaqlarına çip vurularaq küçələrə buraxılmalıdır" - AÇIQLAMA

 16:33 04.03.2024     586

Xəbər verdiyimiz kimi, ötən gün Qaradağ rayonunun Qobu qəsəbəsində 9 yaşlı oğlan itlərin hücumuna məruz qalıb. TƏBİB-dən bildirilib ki, azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Bakıda insanların küçə itləri tərəfindən hücuma məruz qalması ilk hadisə deyil. Dəfələrlə paytaxtda bu kimi hallar baş verir və buna baxmayaraq, sahibsiz itlərlə bağlı hansısa tədbir görülmür.

Bəs, günahkar kimdir? Məsələni necə həll etmək olar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan bloger Saleh Nasirov bildirdi ki, sahibsiz küçə itlərilə bağlı lazımi sivil tədbirlər görülməyəndə, nəticə ağır olur.

Onun sözlərinə görə, günah aidiyyəti dövlət qurumlarındadır:

"Neçə ildir deyirəm, hər rayonda sahibsiz küçə itləri üçün sığınacaqlar yaradılsın, onlar sterlizə olunsun. Niyə edilmir? Bu da nəticəsi. Sahibsiz itlər baytarlar tərəfindən sivil qaydada tutulub sterlizasiya olunmalıdırlar. İtlər sığınacaqlara yerləşdirilməlidirlər. Bir qismi tam sağlam və steril vəziyyətdə, qulaqlarına çip vurularaq təkrar küçələrə buraxılmalıdır. Onsuz da onlar əməliyyatdan sonra balalamayacaqlar. Küçə heyvanlarına qarşı rəhmsiz rəftara görə yüksək cərimələr və həbslər tətbiq olunmalıdır. Baxça və məktəblərdə heyvanlara qarşı humanizm, qayğı, diqqət və sevgi aşılanmalıdır. KİV-də, mediada maarifləndirici məlumatlar daima təbliğ edilməlidir".

Həmidə İBRAHİMLİ