Bu şəxslərin orqanlarından transplantasiya məqsədi üçün istifadə oluna bilər - Deputat AÇIQLADI

 17:37 05.03.2024     439

"Meyit donordan orqan və toxuma transplantasiyası “Orqan və toxuma transplantasiyası” haqqında qanunda ətraflı izahat verilib və qanunvericilik baxımından burada mən düşünürəm ki, heç bir boşluq yoxdur. Belə ki, insan həyatda olarkən öz orqan və toxumalarının transplantasiya olunmasına və onlardan elmi məqsədlər üçün istifadə olunmasına yazılı şəkildə, notarial qaydada təsdiq olunmuş razılığı vardırsa, həyatını itirdikdən sonra həmin meyitdən orqan və toxumalar götürülməsinə qanunvericiliklə tamamilə icazə verilir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli meyit donordan orqan götürülməsi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, ikinci halda yazılı razılıq yoxdursa, hüquqi cəhətdən qanuni qohumluğu olan şəxslər - burda birinci ailə üzvləri, yəni həyat yoldaşı, övladları, onlar yoxdursa, bacısı və onlar da yoxdursa, digər yaxın qohumları bu istiqamətdə razılıq verə bilərlər.

"Əgər şəxs sağlığında orqan və toxumalarının transplantasiya üçün, elmi məqsədlər üçün istifadə olunmasına yazılı şəkildə imtina vermişdirsə, sağlığında bunu yazılı şəkildə təsbit etmişdirsə, meyitdən orqan və toxuma transplantasiyasını Azərbaycan qanunvericiliyi qadağan edir. Bir də mühüm bir məsələni qeyd etmək istəyirəm ki, qanunvericilikdə qəza və yaxud hansısa bədbəxt hadisə nəticəsində beyin ölümü gerçəkləşdikdən sonra heç bir qohumu olmayan, orqan və toxumasının transplantasiya məqsədi və elmi məqsədlər üçün götürülməsində sağlığında imtina ərizəsi olmayan şəxslərin orqan və toxumasından transplantasiya məqsədi üçün istifadə oluna bilər. Qanunvericilik buna icazə verir. Meyitin orqanlarından istifadə, yəni meyitdən donor kimi istifadə prosedurları və müvafiq qanunvericiliklə tənzimlənməsi “Orqan və toxuma transplantasiyası” haqqında qanunun 4-cü fəslində 21-28-ci maddələrdə ətraflı şəkildə izah olunub", - deyə M.Məmmədli bildirdi.

Həmidə İBRAHİMLİ