Sahibsiz itlərlə bağlı TƏKLİF: İti çölə atanlar cərimə olunsun, həbs olunsun

 16:00 06.03.2024     813

Bir neçə gün öncə Qaradağ rayonunun Qobu qəsəbəsində 9 yaşlı oğlanın itlərin hücumuna məruz qalması sahibsiz itlərlə bağlı problemi yenidən gündəmə gətirib.

GWARP (Good Word Animal Rescue & Protection) Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının prezidenti Fərid Mansurov Redaktor.az-a açıqlamasında sahibsiz itlərdən danışıb.

Onun fikrincə, küçə itləri üçün sığınacaqlar və qısırlaşdırmalar olmalıdır.

"Qısırlaşdırmalar da hansı şəkildə olmalıdır? Yalnız qısırlaşdırmalar yox, paralel olaraq quduzluq əleyhinə peyvənd vurulmalıdır. Eyni zamanda da qısırlaşdırılmalıdır. Yəni biz birmənalı olaraq Türkiyə modelini götürüb Azərbaycanda tətbiq etməliyik. Türkiyədə necə edirlər? Türkiyədə şəxsi sığınacaqlar da var. Bu şəxsi təşəbbüsdür, cəmiyyət üzvləri özləri bildiyi kimi sahibsiz heyvanların qayğısına qalırlar, onlara kömək edirlər. Amma dövlət siyasəti də var. Dövlət siyasəti nədən ibarətdir? Dövlət siyasəti ondan ibarətdir ki, hər bir bələdiyyənin nəzdində bir sığınacaq var. O sığınacağa küçədən bütün itləri yığıb gətirmirlər. Yalnız aqressiv itlər gətirlir. Hansılar ki, necəsə sakinlərə, insanlara narahatlıq yaradırlarsa, məhz həmin iti xüsusi öyrədilmiş insanlar gedir humanist yollarla tuturlar, onu sığınacağa gətirirlər və aydınlaşdırmağa başlayırlar ki, bu it niyə belə aqressivdir, bu it niyə insanlara cumur ,bu it nədən bu qədər narahatdır?".

Fərid Mansurovun sözlərinə görə, bir çox halda aşkar olunur ki, əslində heyvanın hansısa sağlıq narahatlığı var, yaxud da ki, insanlar küçədə ona o qədər əziyyət veriblər, qorxusundan hürür:

"Heyvanın aqressiv olmağına son dərəcə nadir hallarda rast gəlinir, o heyvanı dərhal bələdiyyələr öz nəzdində olan sığınacaqlarda axıra qədər saxlayırlar. Əksər hallarda isə mən bundan öncə vurğuladım ki, sığınacaqlara ancaq aqressiv itləri gətirirlər. Dövlət siyasəti ondan ibarətdir ki, Türkiyədə  sahibsiz heyvanlar qısırlanırlar, quduzluq əleyhinə peyvənd olunurlar və həmin yerlərdə çox rahat şəkildə yaşayırlar. Bununla da məsələ bitməyəcək. Bildiyimiz kimi, Qobu qəsəbəsində uşağı it dişləyib. Bizim əməkdaşlar ora gediblər və müvafiq videolar çəkiblər. Həmin o ərazidə nə qədər sahibsiz itlər var. Amma sahibsiz itlər havadan yaranmırlar, yad planetdən də gəlmirlər. Sahibsiz itlər nə vaxtsa sahibi olan itlərdir. Orada hətta bir dənə çox böyük Qafqaz çoban iti gördülər, boynunda da xaltası və o, birmənalı olaraq sahibsiz deyildi və yaxud da ki, yenicə olaraq sahibsiz olmuşdu. Kimsə onu çölə atıb. Ona görə qanunvericilik olmalıdır ki, kim istəyir iti buraxa bilməsin, ata bilməsin. Buna görə Qərbi Avropada çox böyük cərimələr var və yaxud da ki, azadlıqdan məhrum edilmə var. Bu, qanunla tənzimlənməlidir. Əks halda nə qədər istəyirsiz qısırlanma, nə qədər istəyirsiz sığınacaqlar yaradaq, qanunla tənzimlənmədiyi müddətdə sahibsiz itləri küçələrdən yığışdıra bilməyəcəyik. Çünki hər kəs götürür it saxlayır, hər kəs sonra iti götürür atır çölə. Belə hallar hədsiz çoxdur. Ona görə də sahibsiz itlərin nəsli gedərək artmaqdadır və ac, sahibsiz itlər böyük bir problemə çevrilirlər. Eyni zamanda da, həmin o Qobu qəsəbəsində məlum hadisə nəyə görə baş verib? Orada sahibsiz itlər həddindən artıq çoxdur. Bu doğrudur. Niyə? Çünki orda dərə var və o dərəyə hamı qida tullantılarını tullayır. Qida tullantılarının düzgün idarə olunmaması ona gətirib çıxarır ki, həmin ərazilərdə sahibsiz itlərin də sayı çoxalır. Qarğaların da sayı çoxalır, tülkülərin də sayı çoxalır və biz Qobudan danışdığımıza görə çaqqalların da sayı çoxalır. Qida tullantıları düzgün idarə olunmalıdır".

Təşkilat rəhbəri bildirdi ki, bütün bu məsələlər kompleks şəklində həll olunmalıdır ki, sahibsiz itlər küçədə olmasınlar.

"Yaxud da, biz deyə bilmərik ki, Azərbaycanda sahibsiz itlərin sayı həddindən artıq çoxdur, çünki heç kim bu statistikanı aparmayıb. Müəyyən yerdə bu növün konsentrasiyası çox ola bilər. O konsentrasiyasının çox olması səbəbi ondan ibarətdir ki, həmin yerdə və ya yerlərdə qida tullantıları düzgün idarə olunmurlar. Dövlət siyasəti, əslində, bütün məsələləri həll edəcək, bu yöndə dövlət proqramı olmalıdır. Bilirsiniz, hazırda sahibsiz itlərin sayının çox olması məsələsi yerli idarəetmə orqanlarına buraxılıb. Mən icra hakimiyyətindən danışıram, "kənd soveti"ndən danışıram, bələdiyyədən danışıram. Onların vicdanlarına buraxılıb. Kim istəyir, götürür, güllələyir. Kim güllələyə bilmirsə, ümumiyyətlə bu problemin həllini tapmır, bacarıqlılar başqa yollar tapırlar, Bakıda müxtəlif heyvanların qayğı mərkəzləri ilə danışırlar, ora göndərirlər. Orada qısırlaşdırırlar, sonra rayonlara aparılır və yaxud aparmırlar, elə Bakıda buraxılır. Bu məsələ ciddi məsələdir. Azərbaycan 2007-ci ildən Avropa Konvensiyasının üzvü kimi bir sıra öhdəliklər götürüb, o cümlədən də ev heyvanlarının rifahının təminini. Bu, artıq dövlət siyasətidir və dövlət siyasəti yerli idarəetmə orqanlarının ümidinə qalmalı deyil. Konkret dövlət proqramı olmalıdır. Yerli idarəetmə orqanlarının bu proqramı həyata keçirilməsi üçün büdcəsi olmalıdır və hər şey son dərəcə sivil şəkildə davam etməlidir", - deyə Fərid Mansurov bildirdi.

Həmidə İBRAHİMLİ