"İnsanların həyatları maraqsızdır, ona görə sosial şəbəkədə başqalarına baxıb..." - Psixoloqdan maraqlı AÇIQLAMA

 17:38 06.03.2024     274

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda “Facebook”, “Instagram” və “Threads” sosial şəbəkələrinin işində nasazlıq yaranıb. Sosial şəbəkələrin bir anlıq işləməməsi isə insanlar arasında əməlli-başlı təlaş yaradıb.

Maraqlıdır, görəsən sosial şəbəkələr tamamilə bağlanarsa, bu, insanlara psixoloji olaraq necə təsir göstərər? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Əfsanə Rüstəmova bildirdi ki, insan uyğunlaşa bilən varlıqdır.

Onun sözlərinə görə, uyğunlaşa bilmə özəlliyi insanın həyatda saxlayan əsas özəlliklərindən biridir:

"Yəni məsələn, bizə məlum olan həyata yarandığı gündən bu günə qədər baxsaq görərik ki, hər dövr müəyyən dəyişikliklər olub və bu insan fiziologiyasında da özünü göstərib. Eyni zamanda insan psixologiyasında. Bəli, hazırda mövcud vəziyyət bizi bir az sosiallıqdan və ya internetdən asılı vəziyyətə gətirib çıxarıb. Çünki hazırda bütün resurslar əlçatandır və bundan istifadənin məbləği çox insanın ödəyə biləcəyi məbləğdir. Amma nə vaxtsa elə bir gün olarsa, hansı ki, insanlar üçün bu məbləğ əlçatan olmaz və ya sosial şəbəkə istifadəsi əlçatan olmaz, o zaman insan yenə buna da uyğunlaşacaq. Necə ki, bundan əvvəl, məsələn, 15-20 il əvvələ qayıtsaq, orada ümumiyyətlə internet və telefon bu qədər əlçatımlı deyildi. Ona görə də sadəcə olaraq hazırda mövcud vəziyyətdə insanlar istifadə edə biləcəkkən istifadə eləməməyin narahatlığını yaşayırlar. Onlar bu an üçün bilirlər ki, istəsələr bunu istifadə edə bilərlər. Amma hansısa operatorun səhlənkarlığından, hansısa texniki nasazlıqdan və sairdən onlar üçün bu, dırnaq arasında desək, “haqqı olan resurs çata bilməyənə çevirilib”. Necə ki, pandemiyada bəzi haqlarımız məhdudlaşdırıldı, birinci bir az aqressiv reaksiya verdik, sonra uyğunlaşdıq, hətta indiyə qədər bu qaydalarla davam edən çox insan var, eləcə də internetlə bağlı da eyni şeyi deyə bilərik. Bəzi insanlar bir az bu mövzudan qorxurlar. Sanki bunu bir narkotik vasitə asılılığıyla müqayisə edirlər. Amma düşünürəm ki, sadəcə insanların həyatları maraqsızdır və ona görə sosial şəbəkədə başqalarının həyatının maraqlı hissəsinə baxıb, illüziya ilə özünü də orada yaşayırmış kimi hiss etməyə çalışırlar. Nə vaxtsa mövcud vəziyyət dəyişsə, insanların uyğunlaşa bilmə özəlliyi ilə yeni mövcud vəziyyətə uyğunlaşması mümkün olacaq. Bu tip halların qorxulu olduğunu düşünmürəm".

Həmidə İBRAHİMLİ