AzMİU tələbələri Biləsuvarın Zəfər parkının dizayn tərtibatını hazırlayacaqlar - FOTO

 10:41 07.03.2024     341

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dizayner tələbələri Biləsuvar şəhəri timsalında “Şəhər mühitinin dizaynı” layihəsini həyata keçirir.

Redaktor.az xəbər verir ki, Mühit dizaynı kafedrasının növbəti kurs işinə həsr olunan real layihədə tələbələr Biləsuvar şəhərinin ən gözəl məkanlarından olan Zəfər parkının ərazisinin abadlaşdırılması, eləcə də orada yer alacaq  gözoxşayan məkanların dizayn tərtibatını hazırlayırlar.

Layihə İtaliya-Azərbaycan Dizayn Mərkəzi və Biləsuvar Rayon İcra hakimiyyətinin  təşkilatçılığı ilə Mühit dizaynı kafedrasının müəllimləri Sevda Süleymanova və Aytən Şərifovanın rəhbərliyi 171a qrup tələbələri tərəfindən yerinə yetirilir.

Layihə ilə əlaqədar olaraq yaxın günlərdə universitetin müəllim və tələbə heyəti Biləsuvar rayonunda səfərdə olub. Səfər çərçivəsində tələbələr Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla görüşüblər. Dəyirmi masa arxasında keçən görüşdə layihə barədə geniş fikir mübadiləsi aparılıb, universitet tərəfindən irəli sürülən təklif yüksək qiymətləndirilib.

İcra hakimiyyəti başçısı tələbələrə Biləsuvar şəhərinin zəngin tarixi haqqında məlumat verib, şəhərin abadlaşdırılması ilə bağlı gələcək planlarla tanış edib. Başçı şəhərin ən gözəl məkanlarından olan zəfər parkının ərazisinin abadlaşdırılması ilə bağlı fikirlərini bölüşüb, gələcəkdə ərazidə yer alacaq  məkanlar barədə istəklərini dilə gətirib. Görüşdə, həmçinin şəhər sakinlərinin asudə vaxtının səmərəli təşkili və rahat istirahət etmələrinə hesablanmış layihə barədə detallara toxunulub, görüləcək işlərə aydınlıq gətirilib.

Görüşdən sonra tələbələr müəllimləri ilə birgə sözü gedən məkana baxış keçirib, ilkin araşdırma işləri görüblər. Məkanla vizual tanışlıqdan sonra müəllimlərin müvafiq təlimatlarına uyğun olaraq fotofiksasiya və ölçmə işlərini aparıblar.

Qeyd edək ki, qrup işi formatında həyata keçiriləcək layihə Mühit dizaynı kafedrası tərəfindən tədris proqramına uyğun olaraq qurulub və yaz semestri ərzində yekunlaşdırılması nəzərdə tutulur.

222