Tanınmış jurnalistdən "Xalq qəzeti"nin məqaləsinə REAKSİYA: "Buna görə kim utansın?"
Xəbər verdiyimiz kimi, "Xalq qəzeti"ndə "Teleradio məkanımız – müsbət tendensiyalar və “ictimai gilyotin”" adlı məqalə dərc edilib.
Məqalədə Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Mətanət Əliverdiyeva, Elgiz Əkbər, Zaur Kamal kimi televiziya aparıcıları tənqid olunub. Yazıda qeyd olunub ki, "zaurlar, toliklər, mətanətlər, elgizlər teleməkanımızda at oynadır, çalışdıqları media orqanlarının ictimai yükünü sıfıra endirirlər".
Qeyd edək ki, rəsmi qəzetdə dərc olunan məqalə sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Adları çəkilən aparıcılarla bağlı təniqidi fikirlər çoxlarının ürəyindən xəbər verib. Bununla belə, bəziləri hesab edirlər ki, sosial verilişləri pisləyən şəxslər təəssüf ki, təqdirəlayiq layihələrə dəstək olmurlar. Bu mənada tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumasın feysbukda paylaşdığı post da diqqətçəkəndir.
Redaktor.az İlham Tumasın postunu olduğu kimi təqdim edir:
"Lalə, Zaur, Xoşqədəm, Elgiz deyən "Xalq qəzeti', buyur! Ruslan Hüseynin treylerini hazırladığı "Repressiya mələkləri"ni təqdim edirəm! Bunu da bəyənmirsiniz? Mən də Sizinlə razıyam, adlarını saydıqlarımı bəyənməyənlər bu layihəyə niyə dəstək durmursunuz? Öz büdcəsinə çəkdiyi bu layihəyə kim afərin dedi?! Bu layihə həyat yoldaşlarını saymayıb və tərk edib, şikayət üçün televiziyalara kütləvi şəkildə hücum çəkən qadınlar haqqında yox, zamanında həyat yoldaşlarına görə özlərini oda-közə vurmuş, repressiya olunmuş, hətta güllələnmiş qəhraman qadınlarımız haqqındadır. Bu, tək "Xalq qəzeti"nə deyil, hər kəsə aiddir. Buna görə kim utansın?"
T.İSMAYIL