"Gömrükçü xanımlara 8 Mart təbriki onlar üçün xoş olmayıb" - AÇIQLAMA - VİDEO
Dövlət Gömrük Komitəsinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım əməkdaşlarını fərqli təbrik üsulu birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri bunu insanlar üçün yersiz stress adlandırıblar.
Maraqlıdır, neqativ çıxışdan sonra qəfil təbrik üsulu psixoloji cəhətdən düzgündürmü?
Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Əfsanə Rüstəmova bildirdi ki, bizlər bəzən yaxşı nəsə etmək üçün birinci sərt və neqativ çıxışlar etmək istəyirik.
Onun sözlərinə görə, əslində insanlar mənfinin məyusluğundan müsbətin sevincinə qalxanda emosiyasının həcmi daha böyük olur.
"Böyük ehtimalla əməkdaşların gözləntisinin qarşılanması üçün bu həcmdə bir şey düşünüblər. Əlbəttə, biz düşünsək və təhlil eləsək ki, bu cür bir təbrik ürəkaçandırmı? Həmin əməkdaşların üz mimikasından və təbrikdən sonrakı bədən dilindən anlayarıq ki, bu, onlar üçün xoş olmayıb. Nəzərə alsaq ki, adı gedən qurum kifayət qədər sərt rejimi olan bir qurumdur. Bu qurumda bu tip bir zarafatın olması belə, əslində göstərir ki, belə şeylər həmin əməkdaşlar üçün nə qədər böyük stress mənbəyidir və deməli, onlar həmişə bu stresslə mücadilə aparırlar və belə şeylərin olmağından qorxurlar. Belə halların ola bilmə ehtimalını görüb özlərinə və davranışlarına nəzarət edirlər.
Adı gedən qurumda bu cür sərt rejimin olması əslində gündəlik həyat üçün də kifayət qədər böyük stress mənbəyidir. Amma özəl günlərdə, hansı ki, insanlar bir az da özlərini xoş hiss edir, ya da etmək istəyirlər, bu cür bir "sürpriz" yenə deyirəm, xanım əməkdaşların sürpriz hissəsindən sonrakı bədən dilləri və jestikalarından və nidalarından, ifadələrindən müşahidə etdiyimiz qədər də xoş deyil. Əgər həmin xanımlar üçün xoş olsaydı, biz bu dəqiqə bu təhlili edərkən "onların işinə qarışmamalıyıq" deyə rəy verməliyik. Müşahidə göstərir ki, bu, onlar üçün də xoş olmayıb. Amma bu stressdən əlavə, əslində qurumun iş prinsipinin də necə olduğunu bizə bir növ ayna kimi göstərdi. Əslində bununla bağlı daha çox düşünmək lazımdır ki, həmin qurumda niyə bu cür bir daxili qayda, nizamnamə və sair var ki, insanlar mütəmadi gərgin və stresslidir. Bu sual ətrafında düşünsək, mənə elə gəlir ki, həmin xanımları daha tez rifah halına çatdıra bilərik, nəinki tək bayram günü olan sürprizi tənqid etmək, ya da müzakirə etməklə", - deyə Əfsanə Rüstəmova bildirdi.
Həmidə İBRAHİMLİ