"Fransızlar bu məsələyə sərt reaksiyalarını bildirdilər" - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakıda iki gün İslamofobiya ilə mübarizə mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov tədbirin əhəmiyyəti ilə bağlı Redaktor.az-la fikirlərini bölüşdü.
Millət vəkili söylədi ki, bu cür tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi çox önəmlidir:
"Çünki bu gün Azərbaycan özü də islamofobiyaya məruz qalan ölkələrdən biridir. Təəssüf ki, biz bunu həm Ermənistanın Qarabağda bizim abidələrimizə qarşı törətdiyi vəhşilikdə açıq aydın görürük, eyni zamanda da, Fransanın, Avropa Parlamentinin, AŞPA-nın qətnamələrində də açıq-aydın görünür. Diqqətlə bu prosesi təhlil edəndə nəzərə çarpan ilk məsələ odur ki, bütün bu addımların əsasında bizə qarşı islamofob münasibət durur. Yəni Azərbaycanın müsəlman ölkəsi olması bir sıra dövlətlər tərəfindən ona qarşı ikili standartların həyata keçirilməsinə səbəb olur. Bu gün Azərbaycan tolerant ölkədir, bizim ölkəmizdə heç bir dinə qarşı ayrıseçkilik yoxdur və Azərbaycan Qərbdə, bir sıra Avropa dövlətlərində, xüsusilə də Fransada müsəlmanlara qarşı islamofob meyllərin artmasına öz kəskin münasibətini bildirir. Bir müsəlman ölkəsi olaraq da bu məsələdə ilk səsimizi çıxardan ölkələrdənik, açıq-aydın etirazımızı və narazılığımızı bildiririk. Bildiyiniz kimi konfransdakı qonaqlar, həm də Şuşaya getdilər. Bu yalnız nəzəriyyə olmadı, həm də real bir formada bütün tərəflərə açıq-aydın göstərildi ki, biz hansı formada böyük bir haqsızlıqla üz-üzəyik".
C.Məmmədovun sözlərinə görə, Azərbaycan həqiqətlərinin təbliği, erməni yalanlarının ifşası baxımından Azərbaycanda keçirilən tədbir öz missiyasını uğurla yerinə yetirdi:
"Mən özüm o tədbirdə iştirak edirdim, diqqətimi çəkən məsələlərdən biri fransız alimlərin, fransız ziyalıların özlərinin bu məsələyə kəskin münasibət və reaksiya bildirməkləri idi. Yəni buradakı alimlərin mütləq əksəriyyəti Qərb ölkələrindən gələn alimlər idi və əsasən də üstünlüyü fransız və ingilis qonaqlar təşkil edirdi. Çıxışlarında, məruzələrində açıq-aydın bu məsələyə öz sərt reaksiyalarını bildirdilər və hesab edirəm ki, konfrans tam məqsədinə çatdı".
Humay İSGƏNDƏRLİ