Ekspertdən bu sürücülərə XƏBƏRDARLIQ: "Onlar haqqında ballar yığılacaq və..."

 15:56 11.03.2024     411

Hər dəfə avtobus sürücülərinin davranışları ilə bağlı addımlar atılır, onlar ya töhmət alır, ya işdən çıxarılırlar. Amma bunlar digər sürücülərə dərs olmur. Hər dəfə fərqli tərzdə davranışla, qayda pozuntuları ilə qarşılaşırıq.

Bu halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? Hansı addım bu intizamsızlığın qarşısını ala bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı söylədi ki, belə halların qarşısını almaq üçün sürücülərin məlumat bazası yaradılır.

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi belə bir baza yaratmağa hazırlaşır və bu baza əsasında bütün sürücülər haqqında məlumatlar vahid bir mərkəzə toplanacaq. Əgər hər hansı bir sürücü nöqsana yol verirsə, bazada sürücü haqqında ballar yığılacaq və beləliklə, artıq o sürücü işdən çıxarılanda da digər yerlərdə iş tapa bilməyəcək. Çünki heç bir şirkət problemli sürücünü işə götürmür. Sürücülər indi arxayındırlar ki, bu şirkətdən qovuldu, o biri şirkətdə gedib işə düzələcək. Azərbaycanda sürücü qıtlığı da yaranıb, daha çox Avropaya, Polşaya, digər ölkələrə üz tuturlar. Çünki orada maaş yüksəkdir, Azərbaycanda qazandıqlarının üç-dörd dəfə artığını ordan ala bilirlər və ölkəni tərk edib gedirlər. Ona görə şirkətlər bəzən sürücü tapa bilmədiyinə görə də məcbur olur bu intizamsız sürücülərlə işləyir. O sürücülər də bunu bilirlər və bildiklərinə görə də bir az hegemonluq edirlər ki, onsuz da məni əvəz edəcək adam yoxdur, onsuz da mənə heç nə edə bilməzlər. Amma bu onları xilas etmir, yenə də işdən qovulurlar, cəza alırlar. Ancaq çox təəssüflər olsun ki, bu hadisələr yenə də baş verir", - deyə ekspert qeyd etdi.

Humay İSGƏNDƏRLİ