Keyfiyyətsiz qidalar xərçəng yaradır? - AQTA: "Məhsullar ekspertizadan keçirilir"

 17:56 11.03.2024     562

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bir müddət öncə bildirmişdi ki, bədxassəli şişlərin yaranmasının 35-40 %-i məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır. 

Akademikin bu açıqlamasından sonra qida ekspertləri və digər şəxslər ölkəmizdə satışda olan qida məhsullarının tərkibində problemlərin olması barədə açıqlamalar verdilər.

Bəs, keyfiyyətsiz qidalara nəzarət Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən necə tənzimlənir?

Məsələ ilə bağlı Redaktor.az AQTA-ya sorğu göndərdi.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirildi ki, agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir.

"Ölkəyə idxal olunan və ölkədə istehsal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür. Məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir və Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və götürülən nümunələr laborator müayinələrə cəlb olunur. Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə, qanunamüvafiq tədbirlər görülür. Qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə "1003-Çağrı Mərkəzi"nə məlumat verilə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir", - deyə AQTA-nın cavabında bildirilir.

Həmidə İBRAHİMLİ