Bakı Dəmiryol Vağzalının qarşısındakı qadağa sərnişinlərə problem YARATDI

 14:02 13.03.2024     566

Xəbər verdiyimiz kimi, metronun "28 May" stansiyası və Bakı Dəmiryol Vağzalının qarşısına avtomobillərin girişi qadağan olunub. Şəxsi avtomobillər sözügedən əraziyə buraxılmır. Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri də fəaliyyətini dayandırıb.

Qeyd edək ki, bu qərar dəmir yolundan istifadə edən sərnişinlər üçün əlavə problem yaradıb. Belə ki, həm Bakıdan bölgələrə qatarla səyahət edən, həmçinin bölgələrdən Bakıya gələn sərnişinlər qatara minmək üçün, yaxud qatardan düşdükdən sonra taksiyə və ya digər minik avtomobilinə minmək üçün uzun yol qət etməlidirlər. Bu isə əşyası, yükü çox və ya ağır olanlar, eləcə də yaşlı və xəstə insanlar, uşaqlı qadınlar üçün çətinlik yaradır. Görünür ki, sözügedən qadağanı qoyanlar bu cür həssas məsələləri düşünmədən qərar veriblər.

Məsələ ilə bağlı Redaktor.az-a danışan "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Sənubər Nəzərova bildirdi ki, sakinlər ödənişli parklanmadan istifadə edə bilərlər.

"Vətəndaşlar və ya sürücülər “28 May” metrostansiyasının yuxarı hissəsində, Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən Bakı Dəmiryol Vağzalının parklanma məntəqəsində avtomobillərini qısa müddətə saxlayaraq sərnişinləri qarşılaya və ya yola sala bilərlər", - deyə qurum rəsmisi qeyd etdi.

Qeyd edək ki, Sənubər Nəzərovanın qeyd etdiyi ödənişli parklanma məntəqəsində taksilər dayanmır. Bu kiçik və darısqal məntəqədə əsasən Bakı Dəmiryol Vağzalı binasındakı icarəyə verilmiş ofislərdə çalışanlar və digərləri avtomobillərini park edirlər. Əgər orada taksilərin də dayanması üçün xüsusi yer təşkil olunardısa, o zaman yuxarıda yazdıqlarımıza da ehtiyac qalmazdı. Ümid edirik ki, "Azərbaycan Dəmir Yolları" QSC öz sərnişinlərinin rahatlığını düşünərək ya Bakı Dəmiryol Vağzalının ödənişli parklanma məntəqəsində, yaxud hazırda qadağa qoyulmuş ərazidə ən azından ictimai nəqliyyatın alternativ növü hesab olunan taksilərin fəaliyyəti ilə bağlı aidiyyəti qurum qarşısında məsələ qaldıracaq.

Həmidə İBRAHİMLİ