Tanınmış psixoloq Bakının tıxaclarından DANIŞDI: "İnsanı gərginləşdirir"

 17:38 13.03.2024     830

Bakı yollarında tıxacların çoxluğu danılmaz bir faktdır. Hər kəs tıxaclardan şikayətçidir. Təbii ki, tıxaclar həm zaman itkisinə, həm də stress və gərginliyə gətirib çıxarır.

Maraqlıdır, uzun müddət tıxacda qalmaq insan psixologiyasına necə təsir edir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan tanınmış psixoloq Əfsanə Rüstəmova söylədi ki, insan üçün ən dəyərli valyuta zamandır:

"İnsan bunun fərqinə varanda, hətta itirdiyi ən kiçik anların belə təəssüfünü yaşayır və heyfslənir. Özümüzdən asılı olmadan, başqalarının bizim bu dəyərli valyutamızı icazəmiz olmadan xərcləməsi daha böyük gərginlik yaradır. Xəstə insanların gərginləşməyinin əsas səbəbi budur, şəxsin özünün icazəsi olmadan ona aid zamanın istifadə edilməsi, oğurlanması və sair. Həm də haqlı olaraq biz nəzərə alsaq ki, zaman çox da məhdud bir anlayışdır, yəni limitli bir zamana məxsusuq və onun bizdən icazəsi olmadan neçə saatının sadəcə yol üçün ayrılması insanı gərginləşdirir. Amma bunun hamısının önündə gələn gərginləşməyin səbəbi daha sadə və həll oluna bilən olduğunu bildiyi üçün insan əsəbiləşir. Biz əgər bilsək ki, bu məcburiyyətdir və həmişə belə olmalıdır, qəbullanıb yaşama ehtimalımız və stresslənməmə ehtimalımız çoxdur. Məsələn, bayram günlərində, həftə sonlarında biz eyni yolu ən azı beş dəfə sürətli gedəndə, həftə içi buna toleransımız və dözümümüz daha da az olur. Bu iki nüans arasındakı fərq əslində insanları gərginləşdirir".

Psixoloq qeyd etdi ki, cəmiyyət olaraq bunun həllinə dair nə qədər danışsaq da, bu sözügedən sahədə mütəxəssisləşmiş yol mühəndislərinin və ya bu sahə ilə məşğul olan hər hansı bir rəsmi qurumun həll gətirməli olduğu məsələdir.

"Müşahidə edirəm ki, insanlar tıxaca düşməmək üçün piyada yeriməyə daha üstünlük verirlər, bu da əslində, həm stressdən qurtulmaq, həm də sağlamlıq anlamında pozitiv bir həll ola bilər. Amma nəzərə alsaq ki, hər kəsin səhhəti və fiziki göstəriciləri bu dediyim həllə uyğun deyil. Əlbəttə ki, burada rəsmi qurumlar tərəfindən buna ən sürətli şəkildə çarə gətirilməlidir. Hətta alternativ olaraq regionlarda iş şəraitini yaxşılaşdırılıb, onlayn ilə məşğul olan insanların yaşayış yerlərini regiona köçürməsi ilə bağlı kiçik bir müşahidəmiz olub. Həqiqətən ömrün bu cür israf edilməsi insanın çox narahat olduğu bir məsələdir və bizim insanları bu qədər narahat etməyə haqqımız olmamalıdır, bu məsələnin həlli ilə bağlı mütləq bir çözüm gətirilməlidir. Kifayət qədər inkişaf etmiş ölkələrdə, hansı ki, əhali sayı bizdən daha çoxdur və bizlər qədər nəqliyyat problemi, ya da tıxac problemi yaşamırlar. Buradakı əsas məsələ ictimai nəqliyyatın intensiv, sürətli və tutumunun çox olmasıdır ki, insanlar hətta şəxsi avtomobilindən belə istifadə etmə ehtiyacı duymur. Çünki eyni komfortu, ictimai nəqliyyat sistemi onları təmin edir. Məsələyə bu rakursdan baxsaq, həll tapmağımız kifayət qədər asan olar. Amma təəssüflər olsun ki, biz sadəcə bu mövzuda düşünə bilərik. Addım atmaq isə yetkili qurumların etməsi gərəkən bir məsələdir", - deyə Əfsanə Rüstəmova bildirdi.

Humay İSGƏNDƏRLİ