Agentlikdən "Ceyranbatan" suyu ilə bağlı HƏYƏCAN TƏBİLİ

 16:06 13.03.2024     427

Ceyranbatan su anbarında suyun codluq səviyyəsinin artması gələcəkdə çox böyük problemlərə gətirib çıxaracaq.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Cəmil Babayev Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.

"2015-ci ildə orada suyun codluğu 3,2 milliqram ekvivalentində idi, indi isə 3,9 milliqrama çatıb. Bakı şəhərini və Abşeron yarımadasını qidalandıran su təmizləyici qurğulardan biri olan Ceyranbatanda gələcək illərdə hibrid təmizləmə prinsipi əsasında yeni qurğuların tətbiqi, yəni suyun təkrar təmizlənməsi məsələsi qaldırıla bilər",- deyə o qeyd edib.

Agentlik rəsmisinin sözlərinə görə, orta aran və Tərtər-Beyləqan zonalarındakı yeraltı qurğularda da suyun codluq göstəricisinin ilbəil yüksəlməsi baş verir: "Bu gün bizim xidmətimizdə olan, içməli su mənbəyi kimi istifadə olunan quyuların sayı 1 000-ə qədərdir. Həmin artezian və subartezian quyularda fərdi qaydada qurğuların quraşdırılması və ayrı-ayrılıqda istifadə olunması səmərəsizdir. Ona görə gələcəkdə həmin quyuların mərkəzləşdirilmiş qaydada emal edilərək abonentlərə çatdırılması nəzərdə tutulur".

C.Babayev qarşıdakı 10-15 il ərzində içməli suda minarel tərkibin artmasının Azərbaycan üçün ciddi problemə çevrilə biləcəyini istisna etməyib.