AYNA-dan vacib AÇIQLAMA: Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün...

 17:12 13.03.2024     540

Xəbər verdiyimiz kimi, metronun "28 May" stansiyası və Bakı Dəmiryol Vağzalının qarşısına avtomobillərin girişi qadağan olunub. Şəxsi avtomobillər sözügedən əraziyə buraxılmır. Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri də fəaliyyətini dayandırıb.

Qeyd edək ki, bu qərar dəmir yolundan istifadə edən sərnişinlər üçün əlavə problem yaradıb. Belə ki, həm Bakıdan bölgələrə qatarla səyahət edən, həmçinin bölgələrdən Bakıya gələn sərnişinlər qatara minmək üçün, yaxud qatardan düşdükdən sonra taksiyə və ya digər minik avtomobilinə minmək üçün uzun yol qət etməlidirlər. Bu isə əşyası, yükü olanlar, eləcə də yaşlı və xəstə insanlar, uşaqlı qadınlar üçün çətinlik yaradır. Görünür ki, sözügedən qadağanı qoyanlar bu cür həssas məsələləri düşünmədən qərar veriblər.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirdi ki, fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı "28 May" metrostansiyasının ətrafında aidiyyəti qurumlarla birgə abadlaşma işləri həyata keçiriləcək.

"Bu işlər çərçivəsində asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun qurulması, o cümlədən velosiped zolaqlarının təşkil edilməsi və piyada zonalarının yaradılması nəzərdə tutulur. Qeyd edək ki, Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da təşkil olunacaq", - deyə o qeyd etdi.

Həmidə İBRAHİMLİ