Erməni general anklavlardan danışdı: "Azərbaycan bununla razılaşmayacaq”
"Tavuşdakı "Ermənistan əraziləri"nin Azərbaycana verilməsi İrəvanı oradakı strateji üstünlüyündən məhrum edəcək".
Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan sərhəd qoşunlarının birinci komandanı, general-mayor Levon Stepanyan Ermənistanın işğalı altında olan Azərbaycanın anklav kəndlərinin geri qaytarılması barədə danışarkən deyib.
O iddia edib ki, 1926-cı il xəritələrində Azərbaycan anklavları göstərilməyib.
"Sovet dövründə azərbaycanlılar bu ərazilərdə mal-qaranı otarıb, bu məqsədlə bəzi qəsəbələr salıblar. Bu anklavlar belə yaranıb, lakin bunu ərazi güzəştləri üçün əsas hesab etmək ciddi deyil" - deyən erməni general Ermənistan hakimiyyətinin mövqeyini ziddiyyətli hesab edir.
"Mən Paşinyanın mətbuat konfransını dinlədim, o, bu mövzuda danışdı, amma hələ də başa düşmədim ki, biz bu əraziləri veririk, ya yox. Sonra onun (ərazi idarəetmə və infrastruktur məsələləri üzrə - red.) naziri açıq-aydın dedi ki, təhvil verilir. Bu anklavların Ermənistanın Artsvaşen (Gədəbəy rayonu ərazisindəki Başkənd -red.) anklavına dəyişdirilməsi haqqında da danışılırdı. Amma Azərbaycan bununla razılaşmayacaq”, - Stepanyan qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan bu ərazilərin Ermənistan üçün dəyərini çox gözəl anlayır, yalnız ona görə ki, Gürcüstana dövlətlərarası yol həmin ərazilərdən keçir:
"Təbii ki, Gürcüstana yol başqa ərazidən keçə bilər, amma başa düşmək lazımdır ki, Ermənistanın Tavuşda əsas yüksəklikləri var. Və anklavlar Azərbaycana verilərsə, o, çox ciddi üstünlük əldə edəcək. Ona görə də bu kəndləri heç bir halda vermək olmaz".
Turan İSMAYIL