"Prezident tərəfindən 14 xüsusi nümayəndə təyin oluna bilər" - Vahid Əhmədovdan AÇIQLAMA

 16:35 14.03.2024     470

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə xüsusi nümayəndələr təyinatı davam edir. 

Ötən gün Prezidentin sərəncamı ilə Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda, Vahid Rasim oğlu Hacıyev isə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. 

Maraqlıdır, təkcə işğaldan azad olunmuş yox, digər rayonlara da gələcəkdə xüsusi nümayəndələr təyin oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, bu təyinatlar özünü faktiki olaraq doğruldur.

"Cənab Prezident Qarabağda bu məsələləri həll etdi. Xüsusi nümayəndəliyin aparatı yaradıldı. Onlar da işləyirlər. Mən hesab edirəm ki, gördükləri işlər kifayət qədər də müsbətdir. Azərbaycanda 14 iqtisadi rayon var. Belə bir söhbət var ki, Prezident tərəfindən 14 nəfər xüsusi nümayəndə təyin oluna bilər. Amma bunun üçün Konstitusiyada dəyişiklik edilməlidir. Çünki Konstitusiyada yerli icra hakimiyyəti orqanlarıdır. Konstitusiyada dəyişiklik edilsə, bunu etmək mümkündür", - deyə deputat qeyd etdi.

Həmidə İBRAHİMLİ