Aqil Abbasdan "Bayer" - "Qarabağ" oyununa reaksiya: "Yerə sərilib otlayırdılar"

 15:39 15.03.2024     1083

"Dünənki oyunu yüksək dəyərləndirirəm, "Qarabağ"ın futbolçuları çox gözəl oynadılar. “Bayer”ə də mənəvi cəhətdən qalib gəldilər, məhv elədilər".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas UEFA  Avropa Liqasının 1/8 final mərhələsində Azərbaycanın "Qarabağ" klubu ilə Almaniyanın "Bayer 04" futbol klubu arasındakı matçı şərh edərkən deyib.

"Oyunçularımız onları otlatdılar. Yerə sərilib otlayırdılar. Cərimə almaq üçün, qırmızı vərəqə üçün özlərini öldürdülər. Hakim oyunu 6 dəqiqə yox,10 dəqiqə uzatdı. Havayıdan qırmızı vərəqə verdi. Orada qırmızı vərəqəlik bir şey yox idi. Bir sözlə "nemes"lik etdilər. Amma çox gözəl futbol oldu. Futbolda biri udar, biri uduzar. Amma mən “Qarabağ”ı qalib sayıram", - deyə o qeyd etdi.

Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb. "BayArena" stadionunda oynanılan görüş Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Səfərdəki ilk matçda Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən "Bayer" iki görüşün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. "Qarabağ" isə Avropa Liqasında mübarizəni dayandırıb.

Həmidə İBRAHİMLİ