Bakıda 205 nömrəli avtobusdan ciddi NARAZILIQ

 16:49 15.03.2024     542

Paytaxın avtobuslarla bağlı olan problemləri bitib-tükənmək bilmir. Bu dəfəki şikayət isə Binə Ticarət Mərkəzi ilə metronun “Nəsimi” stansiyası arasında hərəkət edən 205 nömrəli avtobusdandır.

Redaksiyamıza müraciət edən Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu küçəsindəki "Jurnalist binaları"nın, "Kristal Abşeron" yaşayış massivinin və eləcə də şəhid və qazi ailələrinin yaşadığı binaların sakinləri sözügedən avtobusun son dövrlərdə çox gec gəlməsindən narazıdırlar. Onların sözlərinə görə, əvvəllər interval 15-20 dəqiqə olurdusa, təxminən bir aydır ki, bu, 40 dəqiqə çəkir. Təbii ki, bu da işə, məktəbə gedənlər üçün ciddi çətinlik yaradır. Bəzi sakinlər isə əlavə xərcə düşərək iki avtobus dəyişməyə məcbur olur.

Sürücülər isə sərnişinlərə bu gecikmələri avtobusların sayının azaldılması ilə izah edirlər. Dediklərinə görə, bu marşrut üzrə əvvəllər xəttə 20 avtobus çıxırdısa, hazırda 17 avtobusa endirilib. Üstəlik daha kiçik, iki qapılı avtobuslar xəttə buraxılır. 

Sakinlərin sözlərinə görə, hər gün səhər saatlarında 205 nömrəli marşrut xəttindəki dayanacaqlarda sanki mitinq keçirilirmiş kimi izdiham yaranır. Çünki buradan keçən avtobuslardan yalnız 205 Azneft dairəsindən "İçərişəhər" metrosu istiqamətinə və oradan şəhərin Yasamal və Nəsimi rayonları ərazilərinə gedir. Yeni salyan yolundan keçən 125, 149 və E1 nömrəli avtobuslar isə Neftçilər prospekti ilə hərəkət edərək "Sahil", "28 May" və "Xalqlar dostluğu" metrosu istiqamətinə gedirlər. Yeri gəlmişkən, bu avtobuslarda gediş haqqı 50-60 qəpikdir ki, qısa məsafəni gedən sakinlər bundan da narazıdırlar. 

Bütün bunlara görə, sakinlər 205 saylı avtobusun intervalının azaldılmasını tələb edirlər.  

Məsələ ilə bağlı Redaktor.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərdi.

AYNA-nın mətbuat katibi Tural Orucov bildirdi ki, 205 nömrəli marşrut üzrə 14 avtobusun 12-15 dəqiqə intervalla fəaliyyəti nəzərdə tutulub.

"Lakin şəhərin müəyyən yollarında yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb olur. Marşrut üzrə avtobusların nizamlı fəaliyyətinin təmin edilməsi üçün daşıyıcıya tapşırıqlar verilib. Həmçinin qeyd edilən marşrut xəttinin daha optimal fəaliyyətinin təmin edilməsi istiqamətində də təhillər aparılır".

Həmidə İBRAHİMLİ