MEDİA rəsmisi Qazaxıstanla imzalanmış sənəddən DANIŞDI

 13:56 18.03.2024     297

Xəbər verdiyimiz kimi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri zamanı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsi arasında Əməkdaşlığa dair Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti”nin direktoru Askar Umarov imzalayıblar.

Bəs, bu əməkdaşlıq nədən ibarət olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva bildirdi ki, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsi arasında imzalanan Əməkdaşlığa dair Memorandum”a əsasən Tərəflər öz dövlətlərinin milli qanunvericilikləri çərçivəsində kommunikasiya və dövlət informasiya siyasəti sahəsində əməkdaşlıq etməyi nəzərdə tutur. 

"Memorandumda dövlət orqan və qurumlarının media və cəmiyyət ilə kommunikasiyası sahəsində təcrübə mübadiləsinin aparılması, müvafiq sahələrlə əlaqədar qarşılıqlı görüş və tədbirlərin təşkili, kommunikasiya və dövlət informasiya siyasəti sahəsində qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq fəaliyyətinin qurulması ilə bağlı razılığa gəlinib", - deyə qurum rəsmisi qeyd etdi.

Həmidə İBRAHİMLİ