"Taksilərlə bağlı xaos, özbaşınalıq dövrü bitir" - AÇIQLAMA

 13:40 19.03.2024     639

Xəbər verdiyimiz  kimi, Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri sürücülər, eyni zamanda onların iş qrafiki, nəqliyyat vasitələri haqqında və digər məlumatları birbaşa Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ötürəcəklər.

Bu barədə müvafiq qanunvericiliyə edilən dəyişikliklərdə nəzərdə tutulub. Həmçinin taksi sifarişi zamanı vaxt və tarix, nağd və ya nağdsız olmaqla gedişhaqlarının ödənişi üsulu, daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat və bir neçə əsas məlumatlar da agentliyə yönləndiriləcək.

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, taksi fəaliyyəti ilə bağlı artıq bir müddətdir müzakirələr gedir.

Onun sözlərinə görə, artıq yekunlaşmaq üzrədir:

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Yerüstü Nəqliyyat Agentliyi artıq bu sahədə əməli addımlar atmağa başlayıb və taksi fəaliyyəti ilə bağlı müəyyən qərarlar qəbul edilib. Təbii ki, bu fəaliyyətdə baş verən xaos, anarxiya, özbaşınalıq, nəhayət ki, öz həllini tapmaq üzrədir. Yəni gedişat ən azından bunu göstərir. Həm taksi fəaliyyəti ilə fərdi şəkildə məşğul olan, həm də şirkətlər var, hansı ki, bu istiqamətdə operatorluq edirlər, sürücüləri öz çətirləri altına yığırlar, onların fəaliyyətinə ümumilikdə nəzarət etmək üçün Yerüstü Nəqliyyat Agentliyi bunları istiqamətləndirir. Taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi haqqında, sürücü haqqında məlumat, eyni zamanda sərnişinin sifariş vaxtı, saatı, müddəti, onun ödədiyi vəsait, ödədiyindən ayrılan vergi rüsumu və sair bütün bunlar hamısı təbii ki, məlumat bazasına avtomatik ötürülməlidir. Çünki belə olmayanda hər bir adam istənilən vaxt bu fəaliyyətlə məşğul ola bilir. Bir dənə taksi işarəsidir, avtomobilin üzərinə qoydu, avtomatik bu oldu taksi. Bilinmir bu kimdir, nəçidir, bunun sürücülük mədəniyyəti var? Təbii ki, bütün bunları aradan qaldırmaq üçün Yerüstü Nəqliyyat Agentliyinin tərtib etdiyi bu qaydalar toplusu  mümkün qədər həll olunmalı məsələlərdir və bunları biz alqışlayırıq. Təbii ki, bu proseslər baş verdikcə müəyyən yenilikləri və irəliləyişlərin keyfiyyətinin artdığını görəcəyik. Belə olan halda nəzarət, keyfiyyət, xidmət, bunlar hamısı bizim arzuladığımız səviyyəyə gəlib çatacaqdır. Yetər ki, biz bu işdə prinsipial olmalıyıq. Bu işdə geri durmamalıyıq. Yəni bu islahatlar belə ciddi şəkildə həyata keçirilməlidir. Çünki hazırkı taksi fəaliyyəti ilə bağlı çox böyük şikayətlər, narazılıqlar var".

Həmidə İBRAHİMLİ