Deputatlar İlaxır çərşənbə ilə bağlı uşaqlıq xatirələrindən danışdı: Papaq atardıq, yumurta döyüşdürərdik...
Bu gün Novruzun sonuncu- İlaxır çərşənbəsidir. Hər bayramın olduğu kimi, Novruz Bayramının da, İlaxır çərşənbənin də müxtəlif adət və ənənələri var. Belə ki, Novruzda tonqallar qalanır, küsülülər barışır, subay qızlar fala baxır və qapılara papaq atılır. Elə bayramı gözəl edən də sadaladığımız kimi adətlərdir.
Zaman ötdükcə, illər dəyişdikcə hər şey kimi adət-ənənələrimiz də bəzən unudulur, yerinə yetirilmir. Ancaq Novruz Bayramı ilə bağlı olan adətlərin hələ də yaşadığının şahidi oluruq.
Bəs deputatlar necə, fikirlərimizlə razıdırlarmı? Onlar Novruzu hansı adət və ənənəylə qeyd edirlər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Tahir Rzayev söylədi ki, hər millətin, xalqın mənəvi dəyərləri var, kökü var:
"Sözsüz ki, əgər xalq öz kökünə söykənməsə, öz ənənələrini, tarixini yaşatmasa, o xalq irəli gedə bilməz. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt xalqdır. Çünki uzun illər keçməsinə baxmayaraq, Novruzun yaşadılması, bu adət-ənənənin bu gün də təbliğ olunması xalqın böyüklüyüdür, xalqın uğurudur. Düzdür, müəyyən hadisələr var, bunlar unudulub. Çünki bu, unudulmağa məcburdur, onun əsasında yeni ənənələr meydana çıxıb. Əgər keçmişdə informasiya, televiziya, mətbuat yox idisə, bunu insanlar müəyyən primitiv qaydada icra edirdisə, ancaq indi yeni texnologiyalar meydana çıxıb və Novruz bayramı bu fonda artıq təbliğ olunur. Xalq öz Novruzunu unutmayıb, onu müqəddəs tutur, onu vacib bilir. Novruzun təbliğ olunması da müasirləşib. Ancaq o adət-ənənənin kökü yaşayır, özü də getdikcə artıq sirayət edir. Bu sahədə ölkə rəhbərinin xidmətləri böyükdür, hörmətli Mehriban xanım Əliyevanın xidmətləri çox böyükdür. Bizim musiqimizin, milli mənəvi dəyərlərimizin yaşadılmasında, təbliğ olunmasını onlar geniş şəkildə izah edirlər. Bunun üçün dövlət hər cür imkan, şərait yaradır. Novruz bayramı bütün məktəblərdə, universitetlərdə, tədris ocaqlarında, idarə müəssisələrində də qeyd edilir. Bu onu göstərir ki, Novruzun şəbəkəsi genişlənir. Gəncliyimiz, keçmişimizə qayıtmağı, tariximizi öyrənməyi, mənimsəməyi özlərinin başlıca vəzifəsi hesab edirlər".
Tahir müəllim deyir ki, uşaq olarkən rayonda evlərə torba atırmış:
"Bizim üçün o qədər sevincli olurdu ki. Bütün evlərə gedərdik, torba atardıq, o torbaya hansısa bir şirniyyat, yumurta qoyulanda elə bil bizə dünyanı verirdilər. Əslində o, dünya deyildi, bizim uşaqlıq sevincimiz idi. Uşaqlıqdan irəli gələn o sevinc idi ki, bax məni də saydılar, onda insan insan olduğunun qiymətini başa düşürdü. Bu, insanların bir-birinə münasibətini göstərirdi. Sonra gedib qapılara gizli baxırdılar ki, hansı evdə kim hansı ruhda danışır. İnsanlar həmin gün çalışırdılar ki, bir-birinə ağır söz deməsinlər, şirin dillə danışsınlar və bu da təbiidir ki, mütəxəssislər bizə deyirlər ki, bu bayram həm də barış bayramıdır. Yazın gəlməsi həm də küsülülərin barışması deməkdir, deməli, torpaq oyanır, insanın ruhu da oyanır, küsülülər də barışmalıdır. Axı dünya küsülü qala bilməz. O qədər müsbət dəyərlər var ki, onların müsbət tərəfini təbliğ etmək lazımdır. Bəziləri bəzən fikirləşir ki, bu yumurtanı boyamaq nəyə lazımdır? Torba atmaq nəyə lazımdır? Bunlar mənəviyyata söykənən məsələlərdir, dərindən araşdırılmalıdır. Bu, münasibətlərin yaxşılaşdırılmasıdır, əgər beş uşaq əlində torba birləşib, gedib bir evə torba atırlarsa, o, uşaqların birliyidir, səmimiyyətidir, onun üstündə dalaşmırlar, hərə öz payını götürür. Ev sahibi də sevinir, uşaq da sevinir".
Millət vəkili Aydın Mirzəzadə dedi ki, həyat dəyişdikcə adətlərimizə də müəyyən qədər dəyişikliklər edilir, amma mənası qalır, əsas forması qalır:
"Dərs dediyim qruplarda, 20 yaşlı gənclərin belə adətlərə necə bağlı olduğunu və vaxtilə bizim etdiyimizin indi onların etdiyini görürük. Məsələn, mütləq çərşənbə axşamlarında bir-birini təbrik etmək, mesajlar yazmaq, gül dəstələri bağışlamaq, hədiyyə almaq artıq bir ənənə halını alıb. Hər çərşənbə axşamlarında respublikanın demək olar hər yerində bütün məhəllələrdə ocaqlar qalanır və ocaq üstündən tullanaraq, guya bütün ağrılarının ocaqda yanması arzusu bildirilir. Bu gün İlaxır çərşənbədir, fürsətdən istifadə edib, bu münasibətilə hər kəsi ürəkdən təbrik edirəm. Uşaqlar üçün çox xoş olan bir papaqatdı ənənəsi var. Düzdür, o papaq atan uşaqların evlərində, şirniyyata, meyvəyə heç bir ehtiyac yoxdur. Amma prosesin özü necə də xoşdur. Hər bir Azərbaycan ailəsində bu ərəfədə mütləq evdə müvafiq hazırlıq görülür ki, qapı döyürlər, uşaqların papağı boş getməsinlər. Hesab edirəm ki, adətlərimiz heç vaxt ölməyəcək, heç vaxt sıradan çıxmayacaq. Hər bir azərbaycanlı kökünə, adət-ənələrinə, dilinə və mədəniyyətinə çox bağlıdır. Dünən cənab prezidentimizin Xankəndidə ocaq qalaması, Azərbaycan xalqını təbrik etməsi göstərir ki, hər kəs, ilk növbədə prezident adətənlərimizin qorunub saxlanmasında səy göstərir, nümunə göstərir. Hər birimiz bu adətləri bundan sonra da min illərlə davam etməsinə öz töhfəvimizi verməliyik. 1967-ci ildə ilk dəfə rəsmi surətdə Novruz bayramı qeyd ediləndə mən qəzet köşkündən Novruz bayramına həsr edilmiş, bir açıqca aldım, artıq 47 ildir ki, o açıqca mənim arxivimdə qalır".
Deputat Ceyhun Məmmədov bildirdi ki, xalq olaraq ənənələri yaşadırıq:
"Hər birimiz çalışırıq ki, ənənələrə sadiq qalaq və bu ənənələrə sadiq qalmaq üçün hər birimiz maksimum dərəcədə çalışmalıyıq. Çünki əslində bu gün böyük mədəniyyətlərin əsas hədəfi və məqsədi kiçik mədəniyyətləri sıradan çıxartmaqdır. O mənada bu gün bizim qarşımızda duran ən önəmli vəzifə milli dəyərlərimizin, ənənələrimizin qorunması, saxlanılması və gələcək nəsilə ötürülməsidir. Bizi güclü edən, bizi qalib edən dəyərlərimizdir. O mənada həm milli bayramlarımıza, həm dini bayramlarımıza sahib çıxmalıyıq, onu qorumalıyıq. Onu da görürəm ki, ildən-ilə bəzən bir sıra istiqamətlərdə xoşagəlməyən tendensiyaları da müşahidə edirik. Ona görə bu gün bu məsələlər önəm kəsb etməlidir. Dəyərlərin qorunması, ənənələrin saxlanması istiqamətində əlavə tədbirlərin görülməsinə ehtiyac var. Çünki bu gün dünyadakı baş verən proseslər də bunu göstərir ki, biz çox diqqətli və ehtiyatlı olub, bu məsələlərə çox həssas yanaşmalıyıq. Bizim üçün ən dəyərli, ən qiymətli bayramlardan biri çərşənbələr idi, ən çox yadımızda qalan xatirə papaqatma idi. Qohumları ziyarət edirdik, yaxınları ziyarət edirdik, tonqaldan tullanırdıq, yumurta döyüşdürürdük və xatirəmizdə də bu gün də o bayram o şəkildə qalıb və hesab edirəm ki, uzun illərdə qalacaq. Çünki bizim üçün Novruz bayramı ən dəyərli, ən əlamətdar bayramlardan biridir".
Humay İSGƏNDƏRLİ