"Səhərdən axşamacan avtomobilini park edirdi, axşam da 50 qəpik verib, gedirdi"

 17:17 27.03.2024     2284

"Parklanma qiymətləri çox bahadır, yüksəkdir".

Bunu Bakıda yeni parkinq qiymətləri haqqında Redaktor.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev söylədi.

O bildirdi ki, qiymətlər haqlı olaraq vətəndaşların narazılığına səbəb olur:

"Amma məqama fikir vermək lazımdır ki, nə üçün qiymətlər bahalaşıb, nə üçün bu addımlar atılıb? Atılan addımın səbəbinə baxsaq, bir az məsələyə aydınlıq gətirmiş olarıq. Eyni zamanda onların haqlı addım atmış olduqlarını görərik. Məsələ nədən ibarətdir? Bax, məsələn, biz şəhər mərkəzinə gedərkən hazırda parkinq yerlərinin boş olduğunun şahidi oluruq. Yəni az da olsa, çox da olsa müəyyən qədər parkinq yerləri var. Bir vətəndaş, bir sürücü gəlirdi, səhərdən axşama qədər avtomobilini park edirdi, axşam da orda çalışan qeyri-leqal çalışanlara 50 qəpik, bir manat pul verib, çıxıb gedirdi və beləliklə bütün yerlər hamısı zəbt olunurdu. İndi isə artıq tariflər müəyyənləşib. Təbii ki, bu, hər bir adamın büdcəsinə görə deyil. İnsanlar artıq fikirləşir ki, avtomobili evdə saxlayım, gəlim və yaxud da avtomobili bir az daha uzaqda saxlayım, pulsuz yerdə saxlayım. Bu da yerlərin açılmasına səbəb olur. Bütün bu qiymətləri tələb və təklif müəyyənləşdirir. Əsas məqsəd odur ki, qiymət baha olduqca, orada daha az maşın saxlayacaq. Qiymət tənzimlənməsinin əsas məqsədi bundan ibarətdir. Yəni boş yerlər yaransın ki, ora gələn hər bir vətəndaş orada qısa müddətdə avtomobil park edib, işini həll edib qısa müddətdə oranı tərk etsin".

Humay İSGƏNDƏRLİ