Taksilərdə niyə kameralar quraşdırılır? - "Sevgilisi ilə oturmuşdu, buyurun baxın”

 17:54 29.03.2024     657

Azərbaycanda buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək. Bununla bağlı ötən gün Nazirlər Kabineti qərar verib.

Məsələilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, taksi fəaliyyəti ilə bağlı təkmilləşdirilmə prosesi gedir.

Onun sözlərinə görə, bu, illərdir gözlənilən məsələ idi.

"Bu sahədə olan problemləri də uzun müddətdir qabardırıq, danışırıq və həllinə yönələn təkliflər də irəli sürürük və bu gün artıq bu proses həll olunmaq üzrədir. Qərarlar verilib, qaydalar təsdiqlənib və ümid edirəm ki, onların icra mexanizmində də hər hansı problem, qüsur olmayacaq. Burada söhbət taksi sürücüləri ilə bağlı müəyyən tələblərdən gedir, taksi avtomobilləri ilə bağlı qaydaların mövcudluğundan gedir. İndiyə qədər bu sahədə çox ciddi boşluqlar olub. Avtomobil nəqliyyatı haqqında qanunda müəyyən dəyişikliklər edildi. Qəbul edilən qərarda yalnız bir yenilik var, o da il məsələsidir. Taksi buraxılış avtomobillərinin ili. Hazırda 15 il məsələsi qüvvədədir. Yəni üç ay ərzində vaxt var. Bu imkan yaradılıb ki, üç ay ərzində istehsal ili 15 ili ötməyən nəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərən sürücülərə müraciət edib öz maşınlarına taksi buraxılış kartı ala bilərlər. Yəni buna heç bir məhdudiyyət qoyulmur. İyulun 1-dən isə artıq edilən müraciətlərdə tələb qoyulacaq ki, ağ və qırmızı rəng olsun və avtomobilin istismar ili səkkiz ili ötməsin. Sual yaranır ki, bəs onda 15 il icazəsini alanlar necə olacaq? Onlara heç bir problem yaradılmır. Yəni onlar avtomobilin istismar ili 15 il tamam olana qədər maşından taksi kimi istifadə edə biləcəklər. Heç bir problem yoxdur və bu işi də onlara izah etməyə ehtiyac var, çünki qərarda müəyyən şeylər anlaşılmır. Səkkiz il məsələsi yalnız iyul ayından qüvvəyə minir. İyulda artıq kim müraciət eləsə ki, mən taksi sürücüsü olmaq istəyirəm, taksi buraxılış kartı almaq istəyirəm, ona tələb qoyacaqlar ki, nəqliyyat vasitəsi ağ və qırmızı rəngdə olmalıdır və səkkiz ili ötməməlidir. İndi dediyim kimi, boz, qara, göy, mavi hansı rəng olur-olsun, müraciət olunsa, onlara 15 il müddət tamam olana qədər heç bir problem yaradılmayacaq. Yəni avtomobilin 15 yaşı nə vaxt tamam olsa, onda artıq buraxılış kartı ondan alınacaq. O avtomobillə fəaliyyət göstərə bilməz. Yalnız digər avtomobili alıb həmin buraxılış kartını həmin avtomobilə yönləndirə və idarə edə bilər. Çünki bu sənədlərin istismar istifadə müddəti yeddi il göstərilir".

Ekspert onu da qeyd etdi ki, yeniliklərdən biri də taksi fəaliyyəti göstərən avtomobillərə kameraların quraşdırılması məsələsidir. Onun sözlərinə görə, taksilərdə müxtəlif növ cinayət hadisələri baş verir:

"Müştərilərin taksilərdə çoxlu şikayətləri olur. Ssürücülərin nalayiq ifadələri işlətməsi, kobudluğu, siqaret çəkməyi, şit-şit musiqilərə qulaq asmağı və sair hərəkətləri var ki, bunları vətəndaş aidiyyəti üzrə şikayət edəndə sübut edə bilmir. Amma indi artıq bu görüntülər əldə olunandan sonra rahat şəkildə bu şikayətlər araşdırılacaq və sürücülər də cəzalanacaq. Eyni zamanda müştərilər də nalayiq ifadələr, kobudluq edirlərsə, sürücülər polisə, AYNA-ya şikayət edə bilər və həmin şəxs barəsində tədbir görülər. Onu da deyim ki, bu məsələdə sürücülər bir şeyə diqqət eləsinlər. Bu videorekstratora düşən görüntülər onların şəxsi məhsulu deyil. Onlar onu gedib evdə oturub kompüterə köçürüb, ordan da sosial şəbəkələrə yaya bilməzlər ki, “baxın mənim müştərim, içkili idi, filankəsi tanıyırsız da məşhur adamdır, sevgilisi ilə taksiyə oturmuşdu, buyurun baxın”. Bu görüntüləri yayan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq. Çünki heç kim heç kimin şəxsi məlumatlarını paylaşa bilməz. Bu, yalnız lazım olanda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə və ya polisə təqdim etmək üçün çəkilə bilər. Bu görüntülər əldə oluna bilər. Başqa cür bunların yayılması qadağandır. Sürücülər haqqında məlumatlar avtomobilin içində lövhədə göstərilməlidir. Sürücünün adı, soyadı, telefon nömrəsi, təmsil etdiyi şirkət, operator burada öz əksini tapmalıdır. Avtomobil saz vəziyyətdə olmalıdır. Avtomobilin isitmə, soyutma sistemi olmalıdır. Yəni bu o deməkdir ki, köhnə avtomobillər, yəni sovet istehsalı olan VAZ2107, VAZ 2106 və yaxud da digərləri artıq taksiyə yarmayacaq. "Prius"ların çoxu artıq taksiyə yaranmır, çünki istehsal ili 15 ili ötüb".

Həmidə İBRAHİMLİ