"Fransa Ermənistanı yeni təcavüzə ruhlandırmaqla faciələrə sürükləyir" - Lətif Babayev

 19:01 01.04.2024     395

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Fransanın Ermənistanı yeni müharibəyə təhrik etdiyini bildirib.

"Azərbaycanın bölgədə yaratdığı reallıqlarla barışa bilməyən Fransa regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin edərək orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin alovlanmasına rəvac verir, Ermənistanı yeni müharibəyə təhrik edir, Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışır. Hətta məqsədinə çatmaq üçün bütün bunlarla kifayətlənməyərək öz xüsusi xidmət orqanı nümayəndələri vasitəsilə müxtəlif şəxsləri məxfi əməkdaşlığa cəlb edib casus şəbəkəsi formalaşdırmaqla Azərbaycanın milli təhlükəsizliyinin zərərinə fəaliyyət göstərir", - DTX rəisi deyib.

Siyasi analitik Lətif Babayev Redaktor.az-a söylədi ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin Fransanın Ermənistanı silah-sursatla təmin edərək orada öz hərbi missiyasını yaratması, revanşist hisslərin alovlanmasına rəvac verməsi, onu yeni müharibəyə təhrik etməsi barədə dedikləri kifayət qədər mötəbər məlumatlara əsaslanır:

"İstisna etmirəm ki, Fransanın Ermənistanı silahlandırmaqla Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışması barədə DTX-də kifayət qədər əməliyyat məlumatları var və bunlar zamanı çatdıqca açıqlana bilər. Hörmətli Xidmət rəisinin konkret açıqlamasına gəlincə, Fransa İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra Azərbaycana qarşı açıq qərəzli mövqeyini müxtəlif vaxtlarda müxtəlif hərəktlərlə büruzə verib. Ermənistanın bu ölkə tərəfindən silahlandırılması faktı ilə bağlı ötən müddətdə yerli, hətta erməni mətbuatında da kifayət qədər məlumatlar yer alıb. Ermənistanda hərbi kadrların hazırlanmasında Fransanın iştirakı, digər hərbi yardımlar, bunların hamısı birmənalı şəkildə Ermənistanın hərbi cəhətdən güclənməsinə xidmət edir. Bu güclənmənin də nəticəsi nə ola bilər? Təbii ki, nə Fransa, nə də Ermənistan tərəfi Ermənistanın Azərbaycanla müharibə etməyə qadir olmadığını yaxşı anlayır. Ancaq bu proseslərin arxasında uzaqgedən məqsədlər dayana bilər. Onu da deyim ki, Ermənistanda yerləşdirilmiş Avropa İttifaqının mülki missiyasının tərkibində xeyli fransız var. Fransanın Ermənistanda iştirakı son iki il ərzində getdikcə artır. Bunu onunla əsaslandırırlar ki, guya Ermənistan hansısa şəkildə Azərbaycan tərəfindən təzyiqlərə məruz qalır. Halbuki bu barədə onların səsləndirdikləri fikirlərin heç bir əsası yoxdur. Fktiki bu gün müharibə ehtimalı yoxdur. Ermənistanın iqtisadi, hərbi gücü buna yetərli deyil ki, Azərbaycana qarşı hansısa müharibə etmək cəsarətləri olsun. Ancaq təbii ki, Azərbaycanla sərhədlərdə hansısa təxribatlar törədə bilərlər. Biz ötən ay da Ermənistan hərbi təxribatının şahidi olduq". 

L.Babayev dedi ki, Fransa 2 il əvvəl üçüncü dövlətin ərazisindən istifadə edərək Ermənistana bir sıra müdafiə təyinatlı silahlar və hərbi texnika göndərmişdi.

"Son vaxtlar isə bu ölkənin Ermənistana hücum təyinatlı silah-sursat, o cümlədən hərbi-texniki vasitələr göndərməsi, onu hərbi cəhətdən gücləndirməsi Azərbaycana qarşı yönəlmiş fəaliyyətlərin daha da genişlənməsindən xəbər verir. Bu, artıq Fransanın Azərbaycana qarşı nəinki qərəzli, hətta açıq düşmənçilik münasibətinin nəticəsidir. 
Əlbəttə, bu, digər tərəfdən, Fransanın Cənubi Qafqazda yeni təsir imkanları qazanmaq cəhdləri ilə bağlıdır və onlar səhvən güman edirlər ki, Ermənistana hərbi və digər dəstəklər göstərməklə, onu revanşizmə təhrik etməklə bölgədə mövcud vəziyyəti öz xeyirlərinə dəyişə bilərlər. Ancaq bütün bu cəhdlər başlanğıcdan perspektivsizdir. Çünki bu gün Cənubi Qafqazda hər hansı uğur qazanmağın yolu yalnız Azərbaycanla qarşılıqlı münasibətlərdən, əməkdaşlıqdan keçir. Azərbaycan bu gün kifayət qədər güclü dövlətdir, Azərbaycanın ona qarşı yönəlmiş istənilən təxribatın qarşısını vaxtında almağa qadir xüsusi xidmət orqanları var. Xüsusilə DTX tərəfindən ötən il ölkəmizin ərazisində kəşfiyyat-pozuculuq fəaliyyəti göstərən Fransa vətəndaşının ifşa edilməsi, həmin ölkənin bir neçə diplomatının persona non-qrata elan olunması, müxtəlif qruplar və şəxslərin planlaşdırdığı terror-təxribat əməllərinin qarşısının hazırlıq mərhələsində qətiyyətlə alınması Azərbaycanın təhlükəsizliyinin etibarlı təmin edildiyini göstərir. Azərbaycan xüsusi xidmət orqanları həqiqətən də yeni çağırışlara və və bölgəmizdə cərəyan edən mənfi təzahürlü proseslərin hər cür ssenarisinə daim hazırdır. Məhz bunun nəticədir ki, hazırda dövlətimizin, xalqımızın təhlükəsizliyi etibarlı şəkildə təmin olunur. Ona görə də Fransa iqtidarının tutduğu ermənipərəst mövqe yalnız onun öz maraqlarına zərbə vura bilər. Mən Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələri, BMT Təhlükəsizlik Şurasının 2 iclasında Azərbaycan əleyhinə məsələnin müzakirəyə çıxarılması cəhdlərini, bu ölkə rəsmilərinin müxtəlif vaxtlarda səsləndirdikləri əsassız və qərəzli bəyanatları və digər addımları nəzərdə tuturam. İndiyədək bu hərəkətlərin bir nəticəsi olmayıb. Fransa rəsmilərinin Azərbaycanın Qarabağdakı erməni millətindən olan sakinlərinin həmin ərazilərdən zorla getdiklərini iddia etmələrinin də heç bir əsası yox idi və məqsədli böhtan idi. İndi Fransanın Ermənistanı silahlandırması, onu yeni təcavüzə ruhlandırmaq cəhdləri nəticə etibarilə Ermənistanı yeni faciələrə sürükləməkdən başqa heç nəyə gətirib çıxarmayacaq. Əslində, Ermənistanda da bir çoxları bunu yaxşı anlayırlar", - deyə siyasi analitik qeyd etdi.

Humay İSGƏNDƏRLİ